Rəsmi statistikaya görə, hazırda ölkə əhalisinin 52 faizini şəhər, 48 faizini isə kənd sakinləri təşkil edir. Bu da şəhər əhalisinin kənd sakinlərinə nisbətən çox olduğunu göstərir. Amma bu rəsmi statistikadır. Qeyri-rəsmi məlumatlarda isə kənd əhalisinin daha çox olduğu bildirilir.
Elə kənd sakinləri var ki, yaşadığı yerdə qeydiyyatda qalsa da, iş dalınca artıq neçə ildir ki, Bakıda məskunlaşmağa məcbur olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə kütləvi işsizlik hökm sürdüyündən kənd sakinləri pul qazanmaq ümidi ilə kütləvi şəkildə şəhərə üz tutublar. Bunun da nəticəsində kənd yerlərində əhalinin sayı kəskin şəkildə azalmağa başlayıb. Hətta elə kəndlər var ki, büsbütün boşalıb.
Modern.az-a açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura idarəsinin şöbə müdiri Cahangir Qocayev deyir ki, urbanizasiya prosesi daimi gedən prosesdir. Tarix boyu insanlar daha yaxşı yerə köçməyə meylli olublar.
“Sovet dönəmində urbanizasiya mədəni mərkəzə gəlmək üçün gedirdisə, sonralar işsizlik səbəbindən pul qazanmaq məqsədli urbanizasiya prosesi getməyə başladı. Amma 2004-cü ildən başlayaraq regionların iqtisadi inkişafı ilə bağlı və digər sosial yönümlü tədbirlərin həyata keçirilməsi ilə bağlı şəhər və kənd arasındakı fərq aradan qalxıb. Yəni insanların daha çox şəhərə meylli olması əvvələ baxanda xeyli səngiyib. Son illər paytaxtda elə vəziyyət yaranıb ki, indi insanlar daha çox əks mərkəzləşməyə meyllidir. İndi Bakıda bir neçə mənzili olan insanlar rayonda ata-baba yurdunda özünə ev tikir”.
Komitə rəsmisi deyir ki, növbəti beş illikdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqramı həyata keçirə bilsək, onda əks əlaqə güclənməyə başlayacaq.
“İnsanların əyalətlərə axını başlayacaq. Paytaxtdakı tıxac, iqlimin korlanması, sıxlıq insanları istər-istəməz şəhər ətrafına getməyə vadar edirdi. İndi demək olar ki, şəhər ətrafı da qalmayıb. Həmin şəhər ətrafı ərazilər də bu aqlomerasiyanın hissəsinə çevrilib. Ona görə şəhərdən kənar daha yaxın əyalətlərə miqrasiya etmək güclənəcək. Çox insanlardan soruşmuşam. Onlardan əksəriyyətinin vaxtilə dənizkənarı yerlərdə bağ evləri var idisə, indi İsmayıllıda, Pirquluda evlər tikirlər. Bu da göstərir ki, həmin ailədən olan nəsil bilavasitə həmin yerlə bağlı olacaq. Urbanizasiyanın bu tipini biz artıq keçmişik. Bundan sonra əksinə proses baş verəcək”.
İqtisadçı ekspert Nazim Məmmədov hesab edir ki, 500 minə yaxın evin Bakı ətrafında tikilməsi son illərdə urbanizasiyanın sürətlənməsindən xəbər verir. Onun sözlərinə görə, qeydiyyat üzrə şəhər əhalisi kənd əhalisi ilə eyni göstərilsə də, əslində kənd əhalisi şəhər əhalisi ilə müqayisədə daha azdır.
“Bilirik ki, 90-cı illərin əvvəllərindən başlayan müharibənin də kəndlilərin şəhərə axınına şərait yaratdı. Bu təbii proses idi. Həmin vaxt bu zərurətdən yaranmışdısa, 2000-ci illərdən başlayaraq torpaqların fərdi yaşayış evləri üçün tikilməsinə bələdiyyələrə haqqın tanınması Bakı ətrafında evlərin sayını artırdı. Apardığımız araşdırmadan da bəlli oldu ki, həmin evlərin əksəriyyəti rayonda yaşayan əhali tərəfindən tikilib. Gədəbəy, Tovuz bölgəsini araşdırma apararkən məlum oldu ki, bəzi kəndlərdə qeydiyyatda olanların 70 faizi, bəzilərində 60 faizi heç orada yaşamırlar. Yerdə qalan müəyyən bir hissə isə orada yaşasalar da, soyuq aylarda şəhərə qohumlarının yanına gəlirlər. Orta statistik Azərbaycan ailəsini 4,5 nəfərdən götürsək, o zaman bölgədə qeydiyyatda olan 1 milyon 802 min vətəndaşımız Bakıda o 450 min evdə yaşayırlar”.
Nazim Məmmədov deyir ki, kənd əhalisinin şəhərdə cəmləşməsi şəhərdə əsasən iqtisadi-sosial problemlər yaradır. Odur ki, Bakının ən bahalı şəhərlər siyahısına çıxmasının da bir səbəbi urbanizasiyadır.
“Eyni zamanda Azərbaycanın idxal məhsullarından asılılığı kənd əhalisinin şəhərə axının nəticəsidir. Baxmayaraq ki, kənd əhalisinin rayonda pay torpaqları var amma kənd əhalisi daha yüksək kommunal xidmətləri olan yerlərə köç etməyə başlayıb”.
Ekspert hesab edir ki, bu çox ciddi problemdir. Onun sözlərinə görə, kənd əhalisinin şəhərdə daha dominant olması ölkənin kənd təsərrüfatı məhsullarının istehsalı və qiymətləri ilə bağlı ciddi problemləri var.
Gültəkin ƏLƏSGƏR