Modern.az xəbər verir ki, bir neçə gün əvvəl maliyyə böhranına düşən "Azadlıq" qəzetinə yardım marafonunda AXCP sədri Əli Kərimlinin ianəni ABŞ dolları ilə etməsinə YAP-çı deputat Aydın Mirzəzadədən təpki gəlib. Onun sözlərinə görə, Ə.Kərimlinin yardımı məhz xarici valyuta ilə etməsi bir sıra suallar doğurur.
Aydin Mirzəzadə deyir ki, Əli Kərimlinin gəlirinin hardan olması barədə ictimaiyyətdə məlumat yoxdur .
”Eyni zamanda onun nəyə görə yardımı dollarla etməsi də sual doğurur, məgər bu da beynəlxalq aləmdə müqayisə üçün edilir?”.
A.Mirzəzadə bildirib ki, onun bir neçə gün öncə bu məsələyə münasibət bildirməsi qarşı tərəfdə belə bur sual doğurub ki, bəs deputat Mingəçevirdən qəbul imtahanında 700 bal toplamış üç gəncə hər ya verdiyi təqaüdü hardan alır?
”İlk dəfə 2010-cu ildə Mingəçevirdən bir gənc ən yüksək keçid balı toplayanda ona o zamandan hər ay 100 manat təqaüd verməyə başladım. Bu il iki nəfər həmyerlim də rekord vurdu və onlara da təqaüd söz verdim. Sonradan imkanlarımı yenidən qiymətləndirərək və hər üç gəncin valideynləri ilə razılaşaraq hər birinə ayda 50 manat təqaüd verməyə başladım.
Həmçinin bildirim ki, 2005-ci ildən başlayaraq hər il Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında təhsil alan dörd imkansız tələbə qızın illik təhsil haqlarının yarısını ödəməyə başladım.
Bütün bunları isə aldığım yüksək maaşdan ödəyirəm. Aylıq maaşım 1500 manatdır, dərs dediyim akademiyadan da ayda 200 manat əmək haqqı alıram. Bu isə mənə və sadaladığım yardımları etməyə tam bəs edir.
Yenə də soruşmaq istəyirəm, hörmətli siyasi opponent, bəs sizin gəliriniz hardandır və nəyə görə yardımı manatla deyil, ABŞ valyutası ilə edirsiniz ? Həmçinin, bəs siz, Əli Kərimli, necə tələbənin təhsil haqqına yardım edirsiniz?
Eyni zamanda əlavə olaraq soruşmaq istəyirəm ki, necə olur ki, qəzet çıxanda ancaq sizin siyasi xəttinizi müdafiə edir, maliyyə böhranına düşəndə isə onun böhrandan çıxmasına ictimaiyyət yardım edir”.
Deputat “çox istərdim ki, “Azadlıq” bundan sonra yenə də imkan tapıb Azərbaycanın azad mətbuatında öz yerini tutsun” deyərək, “Azadlıq”ın maliyyə böhranından çıxa bilməsini istədiyini qeyd edib.
Modern.az