Bu gün dünyasını dəyişən Azərbaycan dilçilik elminin nüfuzlu simalarından olan professor, filologiya elmlər doktoru Yusif Seyidovun Bakı Dövlət Universitetində vida mərasimi keçirilib. Modern.az xəbər verir ki, məşhur alimlə vida mərasimində Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva, sabiq təhsil naziri Misir Mərdanov, deputat Ziyafət Əsgərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli, BDU-nun rektoru, deputat Abel Məhərrəmov iştirak edib.
Vida mərasimindən sonra alim dəfn olunmaq üçün BDU-dan Binəqədi rayonuna yola salınıb.
Qeyd edək ki, bu gün səhər 84 yaşında vəfat edən Yusif Seyidov “Azərbaycan Dövlət mükafatı” laureatıdır, Bakı Dövlət Universitetinin Filologiya fakültəsidə Azərbaycan dili və onun tədris metodikası kafedraının əsasını qoyaraq, 1965-ci ildən dünənə qədər oranın rəhbəri olub.
Tənqidçi və ədəbiyyatşünas kimi də tanınan Yusif Seyidov Azərbaycan ədəbiyyatşünaslığı və dilçilik elminin tarixində bir sıra sanballı əsərlərə imza atıb.
1929-cü ildə Naxçıvan MR-ın Şərur rayonunda anadan olmuş Y.Seyidov gənc kadr kimi 1967-ci ildə artıq professor adını qazanıb. Azərbaycan dilinin sintaksisi öz inkişaf meyarlarına görə məhz, Yusif Seyidova minnətdardır.
Aytən ƏLİYEVA