“Mən məktuba MSK tərəfindən cavab verməkdə heç bir məqsədəuyğunluq görmürəm”. Bunu Modern.az-a açıqlamasında MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyib. Onun sözlərinə görə, deputat İlyas İsmayılovun qaldırdığı məsələnin MSK-ya heç bir aidiyyəti yoxdur. “Konstitusiya Məhkəməsinə ünvanlanan suala MSK-nın cavab verməsi nə dərəcədə düzgündür?! Bu cür məsələlərə cavab vermək səlahiyyətində deyiləm”.
Qeyd edək ki, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov Konstitusiya Məhkəməsinə məktubla müraciət edib. O, qanunvericiliyin bir neçə maddəsinə əsasən, icra və məhkəmə sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslərin, o cümlədən ali məktəb rəhbərlərinin Milli Məclisə deputat seçilə bilməməsi haqda müddəanı xatırladıb və müvafiq rəy verilməsini xahiş edib.
“MSK Məzahir Pənahovun rəhbərliyi ilə Konstitusiya və Seçki Məcəlləsinin göstərilən maddələrinin birmənalı tələblərini mənə məlum olmayan, hər bir halda dövlət maraqlarına zidd olan, niyyətlə kobud surətdə pozmuşdur. Odur ki, bütün bunları diqqətinizə çatdırmaqla Sizdən xahiş edirəm: Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin göstərilən maddələrinə zidd olaraq MSK tərəfindən ayrı-ayrı məmurların deputat kimi qeydə alınması və onları deputat vəsiqəsi verilməsinə dair qərarlarını qüvvədən düşmüş hesab edəsiniz”, – deyə İ. İsmayılovun məktubunda qeyd edilir.