Modern.az

“Zəngilan” sözü necə yaranıb? - Adları müzakirə doğuran RAYONLAR

“Zəngilan” sözü necə yaranıb? - Adları müzakirə doğuran RAYONLAR

25 İyun 2024, 14:58

Modern.az saytı adları müzakirə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin fikirlərinin təqdimatına davam edir.

Bu dəfə mövzumuz Zəngilan rayonudur.

Əslən Zəngilandan olan tanınmış ziyalılar bununla bağlı fikirlərini bildiriblər.

Jurnalist, publisist, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin sözlərinə görə, Zəngilan toponimi haqqında fikirlər müxtəlifdir, hamının qəbul etdiyi vahid rəy yoxdur:



“Məsələn, ilkin versiya bundan ibarətdir ki, "Zəngilan" sözü “Zəng ilan” yəni "ilan mələyən", "zəngli ilanlar olan yer" anlamına gəlir. İkinci fikir isə "zəngin olan yer"dir ki, bu da çox yayılıb. Amma elmi baxımdan yanaşsaq, əlbəttə ki, bunun ehtimallara söykənən müəyyən mülahizələri var. Bunlara görə, "Zəngilan" anlayışı daha çox onunla bağlıdır ki, "Zəngilan, Zəncan, Zəngəzur, Zəngiçay" vahid bir kökə bağlı olan sözlərdir”.
 

Professor bildirib ki, başqa bir mülahizə rayonun adının Saklarla bağlı olmasıdır:
 

“Müəyyən elmi dairələrdə belə bir fikir var ki, Azərbaycan dilində sağır nun hərfi olub. Zəngilan sözündəki ng hərfləri bu hərfdən yaranıb. Bu versiyaya görə, "Zəngilan" sözünün əvvəli də "Zak" sözündən götürülüb. Bu da Saklara gedib çıxır. Bu ehtimala görə, Zəngilan Sak tayfalarının yaşadığı yerdir. Bu elmi cəhətdən nə dərəcədə doğrudur, etimologiyasını tarix sübut edib-etməyib, dəqiq deyil. Amma belə bir elmi fərziyyə mövcuddur. Bu, kitablarda, bəzi ensiklopedik məlumatlarda özünü göstərir”.
 

Yazıçı, publisist, "Yazı" dərgisinin baş redaktoru Azad Qaradərəli qeyd edib ki, keçmiş Azərbaycan Pedaqoji  İnstitutunun (indiki ADPU) Azərbaycan dili-ədəbiyyat fakültəsində oxuyarkən böyük dilçi alim, AMEA-nın müxbir üzvü, Əbdüləzəl Dəmirçizadəyə bu barədə sual verib:
 


"Dedim ki, professor, mən Zəngilan rayonundananm. Rayonumuzun adının etimologiyası barədə əcaib fikirlər yazırlar. Biri "zəngin ilan olan yer", biri "zəngin yer", hətta bəziləri "zəngin ilan olan yer" deyə izah etməyə çalışırlar. Sizcə, "Zəngilan" sözünün kökü hardan gəlir?.
Professor bir qədər fikrə gedib belə cavab verdi: "Sən gələn mühazirəyə rayonunuzun kənd adlarını yazarsan bir dəftərə, qabağından da eşitdiyin mənaları əlavə edərsən, sonra səninlə danışarıq".
Mən bu barədə xarici ölkələr ədəbiyyatından bizə seminar aparan müəllimimiz, lobarant Ramin Əhmədova deyəndə o gülümsündü: "Mütləq professorun dediyinə əməl et. Bu elə-belə iş deyil".
Professor Dəmirçizadə dedi ki, sizin rayon və rayonun kəndləri eradan əvvəlin kəndləridir və onların adları da elə min, iki min, hətta üç min il yaşı olan yer adlarıdır. Başlayaq elə altından qırmızı xətt çəkdiyim Müşlan kəndinin adından. "Muş", yaxud "muşlar" qədim türk tayfaları olub ki, bunların adına Türkiyədə, hətta İraqda yer adları var. "Burası Muşdur, yolu yoxuşdur" misralı türkü də var. "Lan" isə qədim şumer və elam dillərində yer adı bildirir.
"Zəngilan" sözündəki "lan" da oradan gəlir və bu şəkilçinin azı beş min il yaşı var. Bəs "Zəng", yaxud "zəngi" nədir,soruşacaqsan, bəli, dedim axı, bu sözlərin 4-5 min yaşı var və hər min il keçdikcə, sözlər də assimliyasiyaya uğrayıb. Məsələ ondadır ki, sözün kökü "zəng", yaxud "zəngi" deyil, "zak", yaxud "sak"dır. Tarixdə ZAK, yaxud SAK türk tayfalarının olduğu məlumdur. Deməli, ZƏNGİLAN ZAK, yaxud SAK türk tayfalarının yaşadığı yer anlamındadır. Sizin rayonla qonşu olan ŞƏKİ kəndi var ki, Babəki orada həbs ediblər. Bax, o kəndin adı qədimdə ŞƏKİ yox, SAKİ, yaxud ZAKİ olub, yəni SAK, yaxud, ZAK tayfalarının yeri. Bilirəm, soruşacaqsan ki, bəs ZAK, yaxud SAK necə olub ki, ZƏNG, yaxud ZƏNGİ olub? Demək, dilimizdə bəzi sözlər var ki, olduğu kimi fars dilinə keçib, sonra orada assimliyasiyaya uğrayıb və qəribə burasıdır ki, sonra biz onun elə farslaşmış formasını qəbul etmişik. Məsələn, TÜFƏNG sözü, əslində bizim öz sözümüzdür - TÜFMƏK (tüpürnək də oradandür, atmaq mənasındadır) və farscaya keçəndə dəyişib olub tüfəng. Sonra biz onu farslardan TÜFƏNG formasında təzədən qəbul etmişik. Bax, ZAKLAN, yaxud ZAKİLAN sözü də fars dilinin təsiri ilə ng samiti ilə əvəzlənmə nəticəsində ZƏNGİLAN formasına düşüb”.
 

Rəşid Qarayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək