Modern.az

Kamran Bağırovu ayağına gətirən “Ayna Sultanova” - LAYİHƏ

Kamran Bağırovu ayağına gətirən “Ayna Sultanova” - LAYİHƏ

19 Noyabr 2013, 13:16

Ayna Sultanova... İndi bu ad ancaq avtobus sürücüləri və kondukturların, bir də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin dilindən eşidilir... Sərnişinlər avtobusa minərkən soruşurlar: - “Ayna Sultanova”ya gedirsiz?”.
Ona tezbazar “hə” cavabı verən konduktor yenidən qışqırır: - “Gənclik, “Ayna Sultanova”, Dərnəgül....”. 
Modern. az saytı “Yeni Bakının köhnə heykəlləri” rubrikasında Ayna Sultanova heykəli haqqında yazını təqdim edir.

Heykəl 1986-cı ilin aprel ayında Leninin anadan olmasının 116-cı il dönümü münasibətilə hazırlanıb. Müəllifi elə Ayna Sultanova ilə oxşar xarakterə malik olan yeganə qadın heykəltaraşımız Münəvvər Rzayevadır. “Ayna Sultanova” adı Bakıda yerləşdiyi əlverişli ünavana görə uşaqdan böyüyə hamının dillər əzbəri olsa da, onun kim olduğunu bilənlər azdı.  Ayna Sultanova heykəli barədə araşdırmaya məhz, onun barədə məlumat verməklə başlayaq.

Ondan bütün kişilər qorxurdu  

1895-ci ildə indiki Şabran rayonunda anadan olmuş Ayna Mahmud qızı Sultanova çox aktiv ömür yolu keçib. Kimliyindən və kimə xidmət etməsindən asılı olmayaraq, tutduğu vəzifələrə, yiyələndiyi mövqelərə baxsaq, bunu həmən görə bilərik. Bu xanım Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın kabinet naziri, xalq ədliyyə komissarı və Ali Məhkəmə sədri kimi yüksək adlara sahiblənib. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyəti qurmaq olub. Elə bu arzunun özü onu hətta Məhəmməd Əmin Rəsulzadənin qurduğu Xalq Cumhuriyyətinin əleyhinə mübarizə aparmağa sövq edib. Şaumyanın qurduğu kommunaya qoşulan və bolşevik ideyasının ən fəal davamçısı olan Ayna Sultanova özü-özlüyündə fəaliyyəti ilə bərabər bir  tarixdir. Fərq etməz, bu gün o tarix millət  üçün qara səhifə olsa da, biz onu yaşamışıq. Ona görə də Ayna Sultanova heykəlini götürmək elə bu tarixi birdəfəlik məhv etmək deməkdi. Siz təsəvvür edin ki, indi ancaq dayanacaq məntəqəsi kimi istifadə edilən bu heykəlin açılışı Bakıda ən təmtəraqlı mərasimlərdən biri olub.

Heykəlin açılışı

«Gənclik» metrostansiyası yaxınlığında yerləşən heykəlin açılış mərasimi “Kommunist” qəzetinin o vaxtkı 19 aprel tarixli sayında geniş işıqlandırılıb. Heykəlin 18 apreldə baş tutan açılış mərasimi o zamanın bütün siyasi-ideoloji ruhunu özündə əks etdirir. Həmin məqalədən bir parça:


“Aprelin 18-də V.İ.Leninin anadan olmasının 116-cı ildönümü ərəfəsində Bakıda partiyanın və xalqın şanlı qızının abidəsi təntənəli şəraitdə açılmışdır.
Bu hadisəyə həsr olunan mitinqə minlərlə bakılı toplanmışdı.

Mitinqi Bakı şəhər Partiya Komitəsinin ikinci katibi Sokolov açdı. Tədbirdə Azərbaycan MK-nin birinci katibi K.M.Bağırov yoldaşa söz verildi:

- Ayna Sultanova Sovet hakimiyyətinin qələbəsi uğrunda mübarizə aparmış, leninçi bolşeviklər nəslinin şanlı dəstəsinə aid idi. Ona Kommunist Partiyasının və Sovet dövlətinin görkəmli xadimləri M.Əzizbəyov, N.Nərimanov, Stepan Şaumyan və Alyoşa Caparidze ilə birlikdə işləmək nəsib olmuşdur. Ayna Sultanova 1918–ci ildə Zaqafqaziyada hətta bütün Şərqdə Lenin partiyası sıralarına daxil olan ilk qadınlardan biri idi. 1919-cu ilin iyununda Moskvada təhsil almağa göndərilib. Sverdlov adına Kommunist Universitetinə daxil olur. RSFSR Xarici İşlər Komissarlığında işləyir. Həmin illərdə o şəxsən V. İ. Leninlə görüşür.

Mitinqə minlərlə bakılı toplanmışdı.

AYNA SULTANOVANIN OĞLU FƏXRLƏ DEYİR...

- Ayna Sultanova demişdi: «Zəhmətkeş qadınların çox böyük hissəsi sosialist çevrilişində iştirak etməzsə, sosialist çevrilişi ola bilməz!».

Ayna Sultanova «Şərq qadını» jurnalının redaktoru işləyib. 1934–cü ilin martında isə Azərbaycan SSR Xalq Ədliyyə komissarı və Ali Məhkəmənin sədri kimi yüksək vəzifələrə də ucalır.

Mitinqdə Ayna Sultanovanın oğlu – Xəzər Dəniz Gəmiçiliyi İdarəsi rəisinin müavini bütün qohumların adından Azərbaycan KP MK-ya, Azərbaycan SSR Ali Soveti rəyasət heyətinə və Nazirlər Sovetinə qızğın təşəkkür bildirdi.

Bakının yeni yaşayış sahəsində, Gənclər dostluğu və Arsen Əmiryan küçələrinin kəsişdiyi yerdə yerləşən Ayna Sultanovanın çəhrayı qranitdən yonulmuş heykəltəraşlıq portreti şanlı vətənimizin kommunist ideyaları uğrunda mətin mübarizəsinin yenilməz ruhlu, möhkəm, mərdanə xarakterli qadının obrazını parlaq əks etdirir”.

Qeyd edək ki, Ayna Sultanova güllələnmə cəzasına məhkum olunub. İstimtaq zamanı ən alçaldıcı təqiblərə məruz qalan xanımlardan idi. Onu əri Həmid bəy Sultanovla eyni kamerada saxlayır və elə ərinin yanında da qadın heysiyyatı ilə oynayırdılar. Sonradan Stalinizmin aradan qalxması Ayna Sultanovaya bəraət qazandırdı və adına heykəlin qoyulması onun nüfuzunun göstəricisi oldu.

Qadının qadın müəllifi   

Yuxarıda qeyd etdiyimiz kimi, Ayna Sultanova heykəli qadın müəllif tərəfindən hazırlanan ilk heykəllərdəndi. Layihə müddətində bir çox heykəltaraşlardan bəhs etmişik.
Münəvvər Rzayeva haqqında ilk dəfə danışdığımız üçün onun barəsində də bəzi məlumatlar yerinə düşər.

Münəvvər Məcid qızı 6 iyun 1929-cu ildə Şuşada anadan olub. 1946-1950-ci illərdə Ə. Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, 1950-1956-cı illərdə Moskvada Surikov adına Rəssamlıq  Akademiyasında təhsil alıb..

Özünəməxsus dəst-xəttə malik heykəltaraş olan Rzayeva əsasən psixoloji portret ustası idi. Yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu, dünyaduyumunu əks etdirmək üçün heykəlin gözlərini xüsusi incəlik və dolğunluqla işləyirdi.

Bu, onun yaradıcılıq üslubunun əsas cəhəti idi. İstedadı, zəngin təxəyyülü, yüksək professionallığı və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideyanın orijinallığı diqqəti cəlb edir.  O, öz xarakterini bütün qəhrəmanlarına köçürmək istəyirdi.

Ən uğurlu işləri də qadınlara həsr olunan əsərlərdi. Sevil Qazıyeva, Məhsəti Gəncəvi, Nigar Rəfibəyli və Ayna Sultanovaya aid olan əsərlər bu gün də qadın incəliyi ilə güclü xaraketri özündə əks etdirir.

Ayna Sultanova xaraktercə möhkəm qadın idi. Bolşevik olsa da... Amma bu gün heykəlin götürülməsi bizə nə verəcək? Ən azından sürücülər əziyyət çəkəcək....

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi