“Bildiyiniz kimi Azərbaycanla İsrail arasında bir çox sahələrdə əlaqələrimiz yaxşıdır. Azərbaycanın səfirliyinin İsraildə açılmasının gecikməsi isə Azərbaycan tərəfindən asılıdır. Biz inanırıq ki, Azərbaycan hökuməti İsraildə öz səfirliyini açacaq”.
Bunu Modern.az saytının sözügedən məsələ ilə bağlı sualını cavablandıran İsrailin Azərbaycandakı səfiri Rafael Harpas deyib.
”Artıq 22 ilik münasibətlərimiz var. Bu addım bizim əlaqələrimizin sonrakı inkişafına daha da yaxşı təsir edəcək” deyən səfirin sözlərinə görə, Azərbaycan rəsmilərinin İsrailə səfəri əlaqələrin inkişafına müsbət təsir edib:
”Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Biz sizdən də çox şey gözləyirik. İnanırıq ki, gələcəkdə çox parlaq əlaqələr olacaq. Hər il turistlərin sayı artır. İsrail şirkətləri Azərbaycanda çox aktivdirlər. İsrailin xaricdən aldığı enerjinin 40 faizi Azərbaycanın hesabına təmin edilir”.
Səfir R.Harpas deyib ki, azərbaycanlıların bir çoxu İsrailə səfər edirlər, diplomatik və xidməti pasportları olan insanlar üçün vizalar asanlaşdırılacaq.
”Hansı ki bunlar çox mühüm məsələdir. Biz hər ölkə ilə belə bir saziş bağlamırıq, Azərbaycan isə bizim üçün çox vacibdir”.