Azərbaycanda beynəlxalq standartlara tam cavab verən yeni sığorta-pensiya sistemində pensiyaların baza hissəsinin bütün pensiyaçılar üçün eyni vaxtda artırılması, sığorta hissəsinin isə inflyasiya həddində indeksləşdirilməsi mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə imkan verib.
Dövlət Sosial Müdafiə Fondundan Modern.az-a bildirilib ki, sistemdə ölkə iqtisadiyyatının inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir.
Nəticədə 2003-cü ilin əvvəli ilə müqayisədə əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata (217 ABŞ dolları), minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata (128 ABŞ dolları), yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılıb.Bu artım dinamikası, MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır və bu artım dinamikası üzrə ikinci yerdə qərarlaşmış Qazaxıstanda aparılan pensiya artımlarından 1,4 dəfə yuxarıdır.
Yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən hazıradək Azərbaycan Respublikası Prezidenti tərəfindən əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 7 sərəncam verlilib. Sonuncu belə sərəncamla pensiyasının baza hissəsi cari ilin sentyabr ayının 1-dən 17,6 faiz artırılaraq 100 manata çatdırılmışdır. Beləliklə, sentyabr ayının 1-dən Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil etmişdir ki, bu da MDB məkanında 3-cü (Qazaxıstan (185 ABŞ dolları) və Belarusdan (129 ABŞ dolları) sonra) göstəricidir (Bu məbləğ Rusiyada 109,3 ABŞ dolları, Ukraynada 111,8 dollar təşkil edir).
“Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki, 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu. Bütün bunlar Azərbaycanda yoxsulluq probleminin həllinin mühüm vasitələrindən biri kimi sosial sahədə sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir”-deyə Fonddan bildirilib.
Modern.az