Modern.az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyasının 21-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Rektor YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmaığından, Heydər Əliyevin tarixi xidmətlərindən, ölkə həyatında - siyasətində, iqtisadiyyatında, elm və təhsilində, digər sahələrdə həyata keçirdiyi islahatlardan, möhtəşəm layihələrdən bəhs edib.
«Xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxtdir ki, həmin siyasi kurs ölkədə uğurla davam etdirilir», - deyən rektor Azərbaycanın bütün nailiyyətlərinin bu böyük şəxsiyyətin adı ilə bağlı olduğunu vurğulayıb. Və həmin siyasi kursun prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlətimizin formalaşması, inkişafı və dünyada tanınmasında Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib. Bildirib ki, Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ciddi xarici geosiyasi müdaxilələrə, kəskin daxili ictimai-siyasi, iqtisadi və mənəvi böhrana, günü-gündən güclənən milli-vətəndaş qarşıdurması və s. neqativ hadisələrə baxmayaraq, müstəqil Azərbaycanın milli dövlətçiliyini qoruyub saxlaya bilib.
Modern.az