“Düşünmürəm ki, Rüstəm İbrahimbəyov Milli Şura rəhbərliyindən geri çəkilməməlidir. Əslində Milli Şuranın yaradılmasında onun böyük xidmətləri var və qurumun bundan sonrakı fəaliyyətində iştirak etməlidir”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü, hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib. O bildirib ki, heç bir partiya mənsubiyyəti olmayan ziyalılar Milli Şurada daha üzdə olmalıdırlar: “Bu gün Azərbaycanda ziyalı sözünə, mövqeyinə ehtiyac var. Bu ziyalılar Milli Şurada aktiv iştirak etməlidirlər və bu prosesdə avanqard rollarını davam etdirməlidirlər. Ötən 20 ildə siyasi partiyaların da, ziyalıların da qüsurları olub. Bunlar hamısı arxada qalıb. Amma ötən illərə baxıb təhlil etmək və irəliyə getmək daha doğru olardı”.
O. Gülalıyev qeyd edib ki, kimlərinsə getməsi Milli Şuranın fəaliyyətinin zəifləməsi və parçalanması demək deyil: “Düşünmürəm, bundan sonra Milli Şuradan kimlərsə getsin. Söhbət Milli Şuranın fəaliyyətindən gedir. Fəaliyyət forması, təşkilati quruluşu o qədərə də önəmli deyil. Əsas odur ki, Cəmil Həsənli qurumun rəhbərliyinə gəlir. Bu təklifi Milli Şura yekdilliklə dəstəkləyir. Bu baxımdan düşünmürəm ki, xoşagəlməz addımlar atıla bilər”.
İlkin PİRƏLİ