Bunu Apa-ya açıqlamasında Arzu Abdullayeva özü söyləyib.
Arzu Abdullayeva bildirib ki, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı rəsmi səviyyədə aparılan proseslərlə paralel olaraq Helsinki Vətəndaş Assambleyasının təşəbbüsü və təşkilatçılığı ilə 2009-cu ildən vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə Müstəqil Vətəndaş Minsk Prosesi təşkil olunur. Proses çərçivəsində ildə bir dəfə müxtəlif donorların dəstəyi ilə müxtəlif yerlərdə görüşlər keçirilir.
Helsinki Vətəndaş Assambleyasının bu təşəbbüsünə ilkin mərhələdə Niderlandın Kilsələrarası Sülh Təşkilatı (İKAVE) dəstək verib: “Minsk qrupu çərçivəsində aparılan danışıqlara paralel olaraq aparılan Müstəqil Vətəndaş Minsk Prosesi çərçivəsində bir sıra razılaşmalar da əldə olunub. Məsələn, vətəndaş cəmiyyəti institutunun nümayəndələri indiyə qədər keçirilən görüşlərdə Dağlıq Qarabağa aralıq statusu verilməsi barədə razılığa gəliblər, Azərbaycan və Ermənistan isə hələ rəsmi səviyyədə belə razılığa gəlməyib. Bu görüşlərə Azərbaycan və Ermənistan QHT-nin rəhbərləri, jurnalistlər, o cümlədən Qarabağdan olan erməni və azərbaycanlı jurnalistlər, vətəndaş cəmiyyəti institutunun nümayəndələri qatılırlar. Müstəqil Vətəndaş Minsk Prosesi çərçivəsində keçirilən görüşlərə Azərbaycan tərəfdən qatılacaq şəxslər Qarabağ Münaqişəsinin Tənzimlənməsinə Dair İctimai Şurada seçilirlər. QHT müəyyənləşdirilərkən bu ölkələrdə rəsmi və müxalif mövqedən çıxış edənlər seçilir. Məsələn, Azərbaycandan əvvəllər rəsmi mövqeyi Mübariz Əhmədoğlu, Rasim Musabəyov ifadə edirdi. Ancaq Rasim Musabəyov artıq vətəndaş cəmiyyəti institutunun nümayəndəsi deyil. Mübariz Əhmədoğlu isə Azərbaycanda işləri çox olduğu üçün ölkədən kənara çıxa bilmir”.
A. Abdullayeva Strasburqda keçiriləcək görüşdə iştirak edəcək nümayəndə heyətlərinin tərkibini hələlik tam müəyyənləşdirmədiyini bildirib: “Hazırda nümayəndə heyətlərinin tərkibini müəyyənləşdirməklə məşğulam. Dəqiq olan odur ki, Azərbaycan tərəfdən Eldar Namazov, Ermənistan tərəfdən isə David Şahnazaryan görüşə qatılacaq. Bu iki şəxs vətəndaş cəmiyyətinin nümayəndəsi, eyni zamanda müxalif mövqeli siyasətçilərdir”.
A. Abdullayeva Strasburqda görüşün yekunları əsasında imzalanması nəzərdə tutulan birgə Bəyannamə layihəsinin də hələ tam hazır olmadığını bildirib.
Qeyd edək ki, David Şahnazaryan Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin üzvü, “Konkord” siyasi və hüquq araşdırma mərkəzinin rəhbəridir.
Modern.az