Modern.az saytında QHT-lərə Dövlət Dəstəyi Şurasının icraçı katibi Fərasət Qurbanova istinadən dərc olunmuş “Azərcell” və BP kimi şirkətlər əməkdaşlıq təklifini iqnor edir” başlıqlı yazıya qarşı tərəfdən cavab gəlib. Qeyd edək ki. sözügedən məqalədə Fərasət Qurbanov bildirib ki, Azərbaycanda kifayət qədər transmilli şirkətlər fəaliyyət göstərsə də, onların heç biri sosial layihəyə dəstək vermirlər. Fərasət Qurbanov bu şirkətlərin sırasında “Azercell Telekom” MMC-nin də adını çəkir. O, bildirib ki, Şura transmilli korporasiyalara sosial layihələrin həyata keçirilməsi üçün təkliflər irəli sürsə də, hələ ki, cavab verilməyib.
Azercell Telekom MMC-nin prezidenti Kiril Qaburiçin Modern.az-a göndərdiyi məktubda qarşı tərəfə cavab verilib. Qeyd edilib ki, “Azercell Telekom” MMC sosial layihələrə 17 il ərzində təqribən 13.2 milyon manat həcmində vəsait sərf edib.
”Şirkətin xeyriyyəçilik və sosial fəaliyyətinin nə qədər geniş spektri əhatə etdiyini görmək üçün həyata keçirdiyi layihələrə diqqət yetirmək kifayətdir. “Azercell Telekom” MMC Mobil Diş Klinikası və Mobil Göz Klinikası, Uşaq Qaynar Xətt xidməti, “Onlar da hədiyyə gözləyirlər...”, "Xalq Kompüteri", “Hər Uşağın Ailəyə Ehtiyacı Var!”, “Barama” kimi sosial layihələri həyata keçirmiş və bir çoxunun icrasına dəstək vermişdir. Əslində bu siyahını xeyli genişləndirmək olar. Azercell həmvətənlərimizin ölkəmizdən çox-çox uzaqda keçirdiyi müxtəlif mədəniyyət tədbirlərinə dəfələrlə dəstək vermişdir. Azərbaycanda keçirilən Beynəlxalq Muğam Festivalına da Azercell dəstək olmuşdur. Layihə çərçivəsində Azercell-in sponsorluğu ilə Azərbaycanın görkəmli muğam ustalarının ifalarından ibarət disk işıq üzü görüb. Azercell Telekom ölkəmizdə keçirilən “Eurovision 2012” müsabiqəsinin baş sponsoru qismində çıxış etmişdir. Tanınmış sənətçilərimizin yubiley gecələri, konsertlərinin təşkili – bunlar şirkətin incəsənət sahəsində davamlı dəstək siyasətinin kiçik bir hissəsidir”-deyə Kiril Qaburiç bildirib.
Şirkət prezidentinin sözlərinə görə, Azercell sosial layihələrini müəyyən strategiyaya əsasən həyata keçirir. Belə ki, 2013-cü ildə Azercell-in Korporativ Sosial Məsuliyyətlə bağlı layihələrinin əsas hissəsi təhsil, iqtisadi inkişaf və ətraf mühitin qorunması ilə bağlı olub.
Kiril Qaburiç bildirib:
- 2013-cü ildə də şirkət bir çox sosial layihələri həyata keçirib ki, onlardan bir qismini qeyd etmək istərdik.
Elm və Texnologiya Sahibkarlığı Proqramı (BARAMA və İnnovasiya Mərkəzi, ABŞ Mülki Tədqiqat və İnkişaf Fondunun birgə layihəsi);
“Karbon kalkulyatoru” proqramı (Atmosferə ifraz olunan karbon qazının miqdarını gündəlik hesablamağa imkan verən kalkulyator);
Mobil Göz və Mobil Diş klinikalarının yaradılması;
Uşaq Qaynar xətti;
Dünya startap müsabiqələr layihəsi;
"Musiqi ilə birləşərək" layihəsi;
Azərbaycan Diplomatik Akademiyasında “Azercell” otağının yaradılması;
Biznes cəmiyyəti üzvləri üçün "Marketing Kingdom" konfransı;
2013-2014-cü tədris ili üçün 4000 nəfər internat məktəblisi üçün dərs ləvazimatlı çantaların hədiyyə edilməsi”.
Azercell-in prezidenti bildirib ki, adları yuxarıda sadalanan layihələrin bir hissəsi artıq neçə illərdir ki, davamlı şəkildə həyata keçirilir. K.Qaburiç qeyd edib ki, Azercell haqqında reallığı əks etdirməyən fikirlərin səsləndirilməsindən təəsüflənirlər.
Modern.az