Modern.az Milli Məclisin sabiq deputatları ilə silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz 111 saylı Zaqatala-Balakən seçki dairəsindən (2005-2010-cu illər) seçilmiş eks-deputat Dünyamin Xəlilovdur.
Dünyamin Xəlilov 1961-ci il dekabrın 11-də Tbilisi şəhərində anadan olub. Azərbaycan Neft və Kimya İnstitutunun elektromexanika fakültəsini və Azərbaycan Universitetinin hüquq fakültəsini bitirib. Rus, gürcü və ingilis dillərini bilir. Milli Məclisdə İqtisadi siyasət komitəsinin üzvü olmaqla yanaşı, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Bolqarıstan, Azərbaycan-Gürcüstan, Azərbaycan-Latviya, Azərbaycan-Mərakeş, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.
– Parlamentdə olduğunuz müddəti necə xatırlayırsınız?
– 2005-ci ildə 111 saylı Zaqatala-Balakən seçki dairəsindən deputat seçilmişəm. Deputat olduğum dönəmdə Milli Məclisin İqtisadi siyasət komitəsinin və bir neçə parlamentlərarası dostluq qrupunun üzvü olmuşam. Parlamentin üzvü olaraq bir sıra ölkələrə səfərlər edirdim: Rusiya, Gürcüstan, Belarus, Avstriya, Xorvatiya və digərləri. Parlamentdə kifayət qədər aktiv fəaliyyətim olub. Seçicilərimlə mütəmadi görüşlərimiz təşkil edilirdi, bölgədəki nümayəndələrimiz tərəfindən onların problemləri araşdırılırdı və bacardığım qədər onların həllinə çalışırdım. İqtisadi Siyasət komitəsinin fəaliyyətinin əsas istiqamətlərindən biri də dövlət büdcəsinin hazırlanması və onun qəbul edilməsidir ki, bu yöndə də bir çox müzakirələr, dinləmələr və təkliflərimiz olurdu.
– Qeyd etdiniz ki, seçiciləriniz öz prolemləri ilə bağlı müraciət edirdilər. Onlardan hələ də müraciət edənlər olurmu?
– Bəli, seçicilərimin çoxu mənə problemlərindən dolayı hələ də müraciət edirlər. Onlarla olan münasibətim də yaxşıdır. Özüm də tez-tez Şəki-Zaqatala bölgəsində oluram. Bölgədə bir sıra layihələrimiz var və çalışırıq ki onları uğurla həyata keçirək.
– Hazırkı parlamentin fəaliyyətini necə qiymətləndirirsiniz?
– Mən demək olar ki, parlamentin bütün iclaslarını izləyirəm. Təklif olunan qanunlardan və qanunlara edilən dəyişikliklərdən də xəbərdaram. Parlament öz işini lazımi səviyyədə görür. Bizlərə də bu fəaliyyəti izləmək qalır.
– Parlamentdə payız sessiyasında büdcə müzakirələri zamanı kommunal xərclərin qalxacağı ilə bağlı bir sıra fikirlər səsləndi. Bununla bağlı nə düşünürsünüz?
– Bildiyim qədər, hazırda kommunal xərclərin qalxması ilə bağlı məsələ dövlət qurumlarında müzakirə edilmir. Mövcud söyləntilər sadəcə hər hansı bir fərdi şəxs və ya şəxslərin fikri ola bilər.
– Parlamentdə bir çox deputatlar kimi sizdə qanun layihələri ilə çıxış etmisiniz. Təklif etdiyiniz hansı qanun layihələri qəbul olunub?
– İnternet provayderləri ilə bağlı qanunun qəbul olunmasının tərəfdarı idim və bu təşəbbüslə çıxış etmişdim. Təəssüflər olsun ki, onun mexanizmləri sona qədər işlənmədi. Bizim komitədə həmin layihənin müzakirəsi də olmuşdu. 3-cü çağırış bitdiyi üçün bu məsələ yarımçıq qaldı. Gələcəkdə bu məsələyə qayıda bilərik. Bu barədə təklifi mən də, bir başqası da verə bilər. O qanun Azərbaycan üçün olduqca vacibdir. Çünki bu sahədə boşluq var.
– Hansı qanun layihələrinin həyata keçməsini istəyərdiniz?
– Sonuncu dəfə şəhərsalma məcəlləsi ilə bağlı ciddi müzakirələr var idi. Hesab edirəm ki, bu ölkəmiz üçün olduqca vacib sənəddir və qəbul olunmalıdır.
– Cəmiyyətimizdə məmur-vətəndaş narazılıqları hökm sürür. Sizcə bunlar hardan qaynaqlanır. Məmurlar vətəndaşla necə davranmalıdır?
– Dünyada elə bir ölkə göstərə bilməzsiniz ki, orada əhali 100 faiz məmurların fəaliyyətindən razı olsun. Azərbaycan da bu sahədə istisna deyil. Məmur-vətəndaş münasibətlərində hər zaman narazılıqlar olub. Son vaxtlar nazirlər, dövlət agentliklərinin rəhbərləri, komitə sədrləri bölgələrdə görüşlər keçirir və vətəndaşları qəbul edirlər. Hesab edirəm ki, bu çox yaxşı ənənədir və davam etdirilməlidir.
– 2009-cu illə 2013-cü ilin bazar iqtisadiyyatı arasında hansı fərqlər var. Və hazırkı bazar iqtisadiyyatını necə qiymətləndirirsiniz?
– Artıq Azərbaycan keçid dövrünü başa vurub və yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanın əsas sərvəti neft və qaz olduğu üçün əlbəttə ki, iqtisadiyyatın əsaslarını uzun müddət bu amillər təşkil edib. Ancaq son illər qeyri-neft sektoruna da imkan yaradılıb. İqtisadiyyatın bir çox sahələri üzrə yeni müəssisələr açılıb. İnanıram ki, bu strategiya davam etdiriləcək. Kənd təsərrüfatının rolu da ilbəil artır. Son illərdə aparılan iqtisadi siyasət nəticəsində bir çox sahələrdə əldə edilən irəliləyişləri görməmək mümkün deyil. Bu isə öz növbəsində Azərbaycanda ictimai həyatın fəallaşmasına səbəb olmuşdur.
– Azərbaycanlı miqrantların Rusiyada üzləşdikləri problemlərlə bağlı nə deyə bilərsiniz?
– Burada bir neçə amil var. Birincisi ondan ibarətdir ki, həqiqətən Rusiyanın bir neçə yerində azərbaycanlılara qarşı təzyiqlər var. Bu danılmaz faktdır. Ancaq bunu bütün rus xalqı haqda demək olmaz. Çünki, ənənəvi olaraq, Rusiyada yaşayan xalqlar , həm ruslar, həm də qeyri-ruslar azərbaycanlılarla yaxşı münasibətdə olublar. Ancaq istisnalar olur. Buna da Azərbaycan hökuməti tərəfindən ciddi reaksiya verilib və lazımi tədbirlər görülür. Eyni zamanda bildirmək istəyirəm ki, Rusiyada əmək resurslarının çatışmazlığı var. Orada çalışan insanlar Rusiya qanunvericiliyinə əsasən öz fəaliyyətlərini qurmalıdır, yəni müəyyən icazələr, lisenziyalar almalıdırlar. Bəzi hallarda vətəndaşlarımız həmin sənədləri almırlar və bu da öz növbəsində onlar üçün problemlər yaradır.
Hazırda söhbət bəzi yerlərdə azərbaycanlılara olan kütləvi təzyiqlərdən və onların sıxışdırılmasından gedir. Ümid edirəm ki, bu qısa bir zamanda bitəcək. Onu da deyim ki, bəzən mətbuat orqanları məni təəccübləndirir, çünki həqiqətə uyğun olmayan məlumatlar yayırlar.
– Hansı media orqanlarını izləyirsiniz?
– Bir neçə dil bildiyim üçün, Azərbaycan, rus, türk, ingilis və gürcü dillərində olan media orqanlarını izləyirəm, özəlliklə də elektron. Gündəlik olaraq “president.az”, “bbc.com”, “Cumhurriyet”, “Hürriyet”, “Ayna/Zerkalo” və “Nezavisimaya qəzeta” və əlbəttə, “Modern.az” saytını yaxından izləyirəm.
– Hazırkı fəaliyyətinizlə bağlı danışaq...
– Hazırda “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyi İdarə Heyətinin sədriyəm. Bu ictimai birlik 2010-cu ilin noyabr ayında yarıdılıb və əsas məqsədi Şəki-Zaqatala bölgəsində müəyyən layihələrin həyata keçirilməsidir. İctimai Birliyin fəaliyyətinin bir neçə istiqamətləri var. Onlardan biri bölgədə olan tarixi abidələrin bərpası, eyni zamanda həm zahiri görkəminin, həm də obyektlərin fəaliyyətlərinin bərpası, ikincisi isə, kütləvi konfransların, tədbirlərin keçirilməsi ilə bağlıdır. Son 3 ildə bir sıra işlər görülüb. Belə ki, Şəki şəhərində yaşı 100-ü keçmiş Məhəmməd Hacıyev adına Mərkəzi Xəstəxananın fasadı təmir edilmiş, Sabit Rəhman adına Şəki dövlət Dram Teatrının fasadı təmir olunmuş, ətrafı abadlaşdırılmış və teatr təmirdən sonra tamaşaçıların ixtiyarına verilmişdir. Teatrın interyeri isə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işlənilmişdir. Bununla yanaşı, Şəkidə tarixi abidə olan “Əbdülsalam hamamı” tərəfimizdən tarixi özəllikləri saxlanılmaqla bərpa edilmiş və yaxın vaxtlarda tarixi abidənin muzey kimi fəaliyyət göstərməsi məsələsinə baxılacaqdır. Şəki şəhərində həyata keçirdiyimiz ən böyük layihə İnzibati Mərkəzdir. Belə ki, burada Heydər Əliyev Mərkəzinin, Bayraq Meydanının və parkın tikintisi fondumuz tərəfindən aparılır. İnşa ediləcək Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin fəaliyyətini əks etdirən Heydər Əliyev muzeyi, etnoqrafiya muzeyi, planetariya, dünya tarixi muzeyi yerləşəcəkdir. Şəkidə kifayət qədər eksponatlar var. Onları sərgiləmək üçün isə yerlər yoxdur. Biz rayon rəhbərliyi ilə birgə bu istiqamətdə işlər görürük və böyük tarixi əhəmiyyət daşıyan eksponatları gələcəkdə mərkəzdə yerləşdirməyi planlaşdırırıq.
Digər layihələrimizdən biri də Oğuz şəhərində inşa edilən Heydər Əliyev Mərkəzidir. Mərkəzdə Heydər Əliyev muzeyi, xalça muzeyi və regional muzey fəaliyyət göstərəcəkdir. İctimai Birliyin əsas fəaliyyətlərindən biri tarixi abidələrin bərpası və onların gələcək nəsillərə çatdırılması ilə bağlıdır və bununla əlaqədar planlarımız da var.
– Tiflisdə anadan olmağınıza baxmayaraq sizə “Şəkinin fəxri vətəndaşı” adı verilib. Bunun səbəbi nə ilə bağlıdır?
– Şəki-Zaqatala bölgəsində 10 ildən çoxdur ki, aktiv fəaliyyətlə məşğul oluram. Bu da əlbəttə ki, insanların diqqətindən yayınmır. İctimai Birlik yarandığı gündən Şəki şəhərində bir sıra tədbirlərə dəstək vermişdir: III və IV İpək Yolu Beynəlxalq Musiqi festivalları, Mirzə Fətəli Axundovun 200 illiyi, Xan Sarayının 250 illiyi, Şəki şəhərinin 2700 illiyi. Bu tədbirlərdə bir çox ölkələrin məşhur rəqs ansamblları və qrupları, məsələn, Gürcüstanın “Erisioni” və Türkiyənin “Anadolu ateşi” rəqs ansamblları, “TRT Axşam Sefası” qrupu tərəfimizdən dəvət edilmişdi. Görünür ki, bütün bu gördüyümüz işlər Şəki ictimaiyyətinin diqqətini çəkib ki, Şəkidə anadan olmayan, ora ilə qohumluq əlaqələri ilə bağlılığı olmayan birisinə bu adın verilməsinin tərəfdarı olublar.
– Neçə övladınız var?
– Ailəliyəm, iki övladım var.
– Asudə vaxtlarınızı necə keçirirsiniz?
– Demək olar ki, asudə vaxtım olmur. Vaxtımın çoxu işdə və işgüzar səfərlərdə keçir. Ancaq mümkün qədər ailəmə vaxt ayırmağa çalışıram, mütaliəni və musiqi dinləməyi sevirəm.
– 2015-ci ildə yenidən deputatlığa namizədliyinizi vermək fikriniz varmı?
– Bu haqda danışmaq hələ tezdir. Amma niyə də olmasın...
Pərvin ARZUQIZI
Ulduz İBRAHİMOVA