Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçiriləcək. Modern.az xəbər verir ki, adı rüşvət qalmaqalında hallanan Gülər Əhmədovaya bu gün hökm oxuna bilər.
Onu da qeyd edək ki, ötən məhkəmədə dövlət ittihamçısı Eldar Həmzəyev çıxış edərək Gülər Əhmədovanın 78.3.2 və 307.2 maddələri ilə təqsirli bilinməsini, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini xahiş edərək 4 il azadlıqdan məhrum edilməsini təklif edib.
Dövlət ittihamçısının bu təklifi bir sıra narazılıqlara səbəb olub. Belə ki, Sevinc Babayevanın oğlu Ayxan Məmmədov hakimin qərarından narazılığını bildirib və əlavə edib ki, bu məsələyə yenidən baxılmalıdır. Bu gün keçiriləcək məhkəmədə bir sıra dinləmələrin olacağı və vəkil və G. Əhmədovanın son söz söyləyəcəyi gözlənilir.
Gültəkin ƏLƏSGƏR