“Rüstəm İbrahimbəyov Milli Şuranın rəhbərliyində təmsil olunmalıdır. Hər siyasi qrupun əlinə İbrahimbəyov kimi dünyada tanınmış adam düşmür. Azərbaycanlılar özlərini xoşbəxt hiss etməlidirlər ki, dünyada bizi belə insan təmsil edir. Mən çox sevinirəm ki, belə bir insan siyasətə də qoşulub”.
Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü, Beynəlxaql Helsinki Vətəndaş Assambleysının həmsədri Arzu Abdullayeva deyib. O, Milli Şura sədrinin Bakıda olmamasına irad tutanlara belə cavab verib:
“Sədrin Bakıda olması heç də vacib deyil. Milli Şurada iki həmsədrin olması məntiqli qərardır. Bu, çox faydalıdır. Cəmil Həsənli də ləyaqətli insandır. Beynəlxalq arenada tarixçi kimi, demək olar, təkcə Cəmil Həsənlidir tanınır. Bu da Azərbaycanın nailiyyətidir. Cəmil Həsənli də, Rüstəm İbrahimbəyov da ölkənin sərvətidirlər”.
A. Abdullayeva qeyd edib ki, əvvəlki seçkilərdə yaradılan bloklarda siyasətçilərdən ibarət Həmsədrlik İnstitutu olub: “Bunlardan SİDSUH, “Bizim Azərbaycan” Blokunu misal göstərmək olar. İndi isə yenilik ondadır ki, siyasi partiyaların liderləri ziyalılara dəstək verdilər. Xalq bunu yüksək qiymətləndirdi. Buna görə də Milli Şura ideyası inkişaf edə bildi. Hazırda Milli Şuranın ətrafında siyasətdən kənar xeyli ziyalı var”.
İlkin PİRƏLİ