Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Cosef Borrel Macarıstanın baş naziri Viktor Orbanın Türk Dövlətləri Təşkilatının (OTS) Şuşadakı sammitində qurumu təmsil etmək mandatı almadığını bildirib. İyulun 5-də Viktor Orban sammitdə iştirak etmək üçün Şuşa şəhərinə gəlib.
“Viktor Orban Aİ-dən onu Türk Dövlətləri Təşkilatının sammitində təmsil etmək üçün mandat almayıb. Avropa İttıfaqı Kipr türk separatçı qurumunu legitimləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”, Borrel X sosial şəbəkəsində yazıb.
Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Macarıstan düzgün və müstəqil siyasət yürüdür:
"Cənab Prezident İlham Əliyev təxminən iki ay qabaq Türk dövlətlərinin parlament sədrlərini qəbul etdi. Bu zaman o, Macarıstan parlament sədrinin müavininə dedi ki, “bilirəm ki, Avropa İttifaqında siz böyük təzyiqlərə məruz qalırsınız. Bu da Avropa məkanındakı elan edilmiş demokratik prinsiplərin tamamilə pozulmasıdır. Macarıstana qarşı sanksiyalar tətbiq edildi? Edildi. Macarıstana çatacaq vəsaitdən Macarıstan məhrum edildi? Edildi. Nə üçün? Çünki Macarıstan ənənəvi dəyərləri müdafiə edir. Öz əhalisini müdafiə edir. Zərərli təsirdən öz gənclərini qoruyur. Ailə dəyərlərini ən yüksək dəyər kimi bəyan edir. Buna görə bu ənənəvi dəyərlərə qarşı olanlar və dünyanı uçuruma aparanlar Macarıstana qarşı sanksiyalar tətbiq edirlər”.
Macarıstanın müstəqil siyasət yeritməyi Avropada bir çoxlarının xoşuna gəlmir. Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edir. Açıq şəkildə kökən etibarilə türk olduqlarını bildirirlər. Ona görə də Macarıstana təzyiqlər olur və bundan sonra da olacaq. Macarıstan düzgün siyasət yeridir. Türk Dövlətləri Təşkilatı ilə münasibətləri çox yüksək səviyyədə qurur. Ona görə Avropa birliyində kimin nə deməsindən heç nə asılı deyil".
Komitə sədri vurğulayıb ki, Cozef Borrel dəfələrlə Azərbaycana qarşı çox həyasız çıxışlar edib:
"Ermənistanı müdafiə ediblər. Türk Dövlətləri Təşkilatı ölkələrinin Şuşada keçirilən sammiti təkcə Borrelin yox, bir çoxlarının xoşuna gəlmir. Çünki türk dövlətlərinin dirçəlməsini istəmirlər. Orada bəyanatlar verildi. Cənab İlham Əliyevin Türkdlli dövlətlərin gələcəyi, həm iqtisadi, həm siyasi, həm hərbi, həm mədəni, həm də humanitar məsələlər barədə bəyanatlar verməsi, türkdilli dövlətlərin geniş coğrafiyaya, əhali potensialına malik olması, gələcəkdə köklü mərkəzə çevrilməsi, şübhəsiz ki, onların xoşuna gəlmir. Nəticədə də hər vəchlə belə qarayaxma açırlar. Bu cür tənqid və böhtanlarla Türk Dövlətləri Təşkilatının səviyyəsini aşağı salmaq istəyirlər".
Borrelin Şimali Kipr Türk Respublikası ilə bağlı çıxışına Ziyafət Əsgərov belə reaksiya verib:
"2004-cü ildə BMT xətti ilə "Annan planı" adlı referundum keçirildi. Bunlar hətta BMT-nin keçirdiyi səsvermənin nəticəsini qəbul etmədilər. Bəs Borrel buna nə deyir? Niyə bu barədə danışmır? Kimi dəvət edib-etməməyimiz bizim öz işimizdir. Bu, Azərbaycanın müstəqil qərarıdır. Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatarın sammitə dəvət olunmasına kimsə qarışa bilməz. Yenə deyirəm, onlar türk dölətlərinin inkişafını istəmirlər. Amma biz öz düz yolumuzla bundan sonra da gedəcəyik".
Müsahibimiz qeyd edib ki, Avropada hətta futbolu da siyasətə qatıblar:
"Avstrya-Türkiyə matçında türk futbolçu Merih Demiralı "bozqurd" işarəsi göstərməklə sevincini bölüşdüyünə görə cəzalandırdılar. Axı bu "bozqurd" türk millətinin simvoludur. Məqsəd Türkiyəni uduzdurmaq idi. Nəticə artıq göz qabağındadır. Futboldan da siyasi məqsədlər üçün istifadə edirlər. Ayıbdır e! Bunlar gör, hansı alçaq və çirkin hərəkətlərə gedirlər. Borrel kimilərini iç üzü bundan ibarətdir".