Modern.az

Lukaşenko: “2006-2012-ci illərdə ölkələrimiz arasında əmtəə dövriyyəsi 6 dəfə artıb”

Lukaşenko: “2006-2012-ci illərdə ölkələrimiz arasında əmtəə dövriyyəsi  6 dəfə artıb”

21 Noyabr 2013, 23:05


“İki ölkə arasında, ümumiyyətlə, istər siyasətdə, istərsə də diplomatiyada heç bir problem yoxdur. Biz beynəlxalq təşkilatlarda çox sıx əməkdaşlıq edirik. Siz bizi həmişə dəstəkləmisiniz və dəstəkləyirsiniz. Biz də sizi həmişə dəstəkləmişik və dəstəkləyirik. Ticari-iqtisadi sahədə, iqtisadiyyatda da çox sanballı dinamika yaranıb”- Modern.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu noyabrın 21-də Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan və Belarus nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə keçirilmiş görüşdə deyib.

Belarus prezidentinin sözlərinə görə, 2006-2012-ci illərdə ticari-iqtisadi əlaqələrin genişlənməsinin göstəricisi olan əmtəə dövriyyəsi meyarı 6 dəfə artıb: “Bu, çox sanballı göstəricidir. Lakin əmtəə dövriyyəsinin mütləq həcminin 300 milyon dollar təşkil etməsi qaneedici deyil. Bizim imkanlarımız daha çoxdur. Allaha şükür, bizim bu həcmi artırmağa imkanımız var. Bu problemi Sizinlə indicə müzakirə etdik – bu həcmi burada təkcə yığma əməliyyatları ilə məhdudlaşmayan istehsalatlar yaradılması hesabına artırmağa imkanımız var. Bu istehsalatlardan bəzilərinin lokallaşma dərəcəsi 40-60 faiz həcmindədir.

Bu artıq müştərək istehsalat deməkdir. Əlbəttə, bizim sizinlə bərabər Azərbaycan torpağında istehsal edə biləcəyimiz məhsullar Azərbaycana sığmaz. Biz bu barədə danışdıq. Mən Prezidentdən xahiş etdim ki, onun beynəlxalq aləmdə nüfuzundan istifadə edərək biz üçüncü ölkələrdə birlikdə ticarətlə məşğul olaq. Bu, çox vacibdir. Biz beynəlxalq bazarlara fəal daxil olmalı və birgə istehsalatların məhsullarını birlikdə sataraq bu hesaba müvafiq mənfəət əldə etməliyik”.

Aleksandr Lukaşenko Belarus mütəxəssislərinin hökumətlərarası komissiya çərçivəsində sənaye kooperasiyası üzrə işçi qrupu yaradılması barədə fikirləşməyi təklif etdiklərini bildirib.

Qeyd edək ki, 2 ölkə arasında bu gün müxtəlif sahələrdə əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb imzalanıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?