Modern.az

Namizədlik məsələsində qərarsız partiya sədrləri: “Tələsmirik!”

Namizədlik məsələsində qərarsız partiya sədrləri: “Tələsmirik!”

9 İyul 2024, 11:08

Azərbaycan Respublikası növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də qanunverici orqana növbəti seçkilər keçiriləcək.

Artıq bir sıra siyasi partiya liderləri hansı dairədən namizədliklərini irəli sürəcəklərini açıqlayıblar.

Azərbaycan Demokrat Partiyası (ADP) və Müasir Müsavat Partiyasının sədrləri isə tələsmirlər.
 

Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu bildirib ki, tələsməyə ehtiyac yoxdur:

“Hələ heç bir qərar verməmişəm. Seçkidə iştirak edə də, etməyə də bilərəm. Hələ vaxt var. Ayın başına qədər namizədlərin irəli sürülmə müddətidir. Tələsməyə ehtiyac yoxdur. Cəmisi 500 imza toplamaq lazımdır. Yəni elə ciddi məsələ yoxdur”.

S.Cəlaloğlu qeyd edib ki, partiyası seçkidə iştirak edəcək və artıq 20 nəfər namizədliyini irəli sürüb:

“Partiyamız seçkilərdə iştirak etmək barədə qərar verib. Artıq partiyamızdan 20 nəfər namizədliyini irəli sürüb. Bu gündən imza vərəqələrini götürmək üçün hamısı sənədlərini müvafiq dairələrə təqdim edərək, imzatoplama kampaniyasına başlayacaqlar”.
 

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə namizədliyi ilə bağlı qərarın bu həftə keçiriləcək Siyasi Şuranın iclasında veriləcəyini deyib:
 

“Bu həftə mənim namizədliyim barədə qərar veriləcək. Siyasi Şuranın iclasına hazırlıq işləri gedir. Yaxın 2 günə Siyasi Şuranın iclası keçiriləcək və qərar ictimaiyyətə açıqlanacaq. Ona görə də qabaqcadan heç nə deyə bilmirik. Artıq rayon təşkilatlarına, Siyasi Şuranın üzvlərinə dəvət göndərmişik. Yaxın 2 gün ərzində planlarımızı müəyyənləşdirib yekun qərarımızı verəcəyik”.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək