Modern.az saytının məlumatına görə, hakim Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümü ilə bağlı mərkəzi tədbirin yeri və vaxtı dəqiqləşib. Partiyadansaytımıza bildiriblər ki, ildönümü tədbiri sabah saat 12.30-da Bakıdakı beşulduzlu “Four Seasons” otelində keçiriləcək.
YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bir neçə gün öncə Modern.az-a bildirmişdi ki, tədbirə YAP Siyasi Şurasının üzvləri, partiyanın yaradıcıları və Milli Məclisdə təmsil olunan deputatlar dəvətlidir.
Eyni zamanda tarixə “91-lər” adı ilə düşən YAP qurucularını da keçiriləcək mərasimə dəvət ediblər. ““91-lər” YAP-ın qızıl fondudur. Biz onları da bu tədbirə dəvət edirik”-deyə S.Novruzov bildirib.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin 21 noyabrında Naxçıvanda təsis edilib. YAP-ın ilk sədri mərhum Heydər Əliyev olub.
Modern.az