“Qeyri-hökumət təşkilatlarının qeydiyyatı məsələsi sadələşdirilməlidir. Artıq QHT-lərin qeydiyyatının Bakı şəhərində keçirilməsinə də ehtiyac yoxdur”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Onun sözlərinə görə Ədliyyə Nazirliyinin regional şöbələrində QHT-lərin qeydiyyatı haqqında işlər həyata keçirilə bilər. Deputat bildirib ki, dövlətin QHT sektorunda siyasəti şəffafdır. O, prezidentin sonuncu sərəncamını xatırladaraq deyib ki, artıq QHT-lərin elektron hökumət sisteminə daxil edilməsi bu sahədə olan inkişafdan xəbər verir.
A. Quliyev QHT-lərin qeydiyyata alınmaması ilə bağlı Ədliyyə Nazirliyinə ünvanlanan tənqidləri də qəbul etmədiyini bildirib. “Bu məsələ tam olaraq Ədliyyə Nazirliyindən asılı deyil. Texniki və inzibati amillər də qeydiyyat məsələsini çətinləşdirir”.
Millət vəkili Aqil Abbas isə QHT-lərin qeydiyyatı məsələsinin sadələşdirilməsinin əleyhinə çıxış edib. “QHT-lərin qeydiyyatını asanlaşdırmaq problemlər yaradacaq. Ədliyyə Nazirliyi tərəfindən 3-5 günlük müddətinə QHT məsələsini həll etmək olmaz. Azərbaycanı poliqona çevirmək istəyənlər var. Kimlərinsə QHT yaratması ilə bağlı şərtlərin sadələşdirilməsi düzgün deyil”.
Modern.az