
Milli Məclisin 22 noyabr iclasında Hesablama Palatasının sədri təyin edilən Vüqar Gülməmmədov planlarını açıqlayıb. O, “Media forum” saytına deyib ki, qarşıda duran əsas vəzifələr risk əsaslı maliyyə auditindən səmərəli auditə keçilməsi və dövlət hesablarının təhlili üzrə Hesablama Palatasının potensialının gücləndirilməsidir: “Ən əsas işlərdən biri də kənar və daxili auditin sərhədlərinin müəyyənləşdirilməsi, bunların müvafiq qanunvericilikdə əks olunmasıdır. Bunların həyata keçirilməsi üçün Hesablama Palatasının insan resursları artırılmalı və təşkilatın strukturunda təkmilləşdirilmə aparılmalıdır. Görəcəyimiz əsas işlər bunlardır”.
Vüqar Gülməmmədov bildirib ki, əvvəlki rəhbərlik Hesablama Palatasında güclü baza yaradıb və indi bunun təkmilləşdirilməsinə, Azərbaycandakı iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğunlaşdırılmasına ehtiyac var: “Əsas problemlərdən biri qanunvericilikdə olan boşluqlardır. Qanunvericiliyə dəyişiklik edilməli, Hesablama Palatasının səlahiyyətləri artırılmalı və mandatı dəqiqləşdirilməlidir”.
Modern.az