Modern.az

Azay Quliyevin müəllifi olduğu qanun layihəsi qəbul edildi

Azay Quliyevin müəllifi olduğu qanun layihəsi qəbul edildi

Qarabağ

22 Noyabr 2013, 18:21

Azərbaycan Respublikasının Milli Məclisi bu gün Azərbaycan Resbublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi ilə hazırlanan “İctimai iştirakçılıq” haqqında qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Qanunun məqsədi Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququnun ictimai iştirakçılıq formasında gerçəkləşdirilməsi üçün təminatlar yaratmaqdır.

6 fəsil, 21 maddədən ibarət qanun layihəsində ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, ictimai ekspertiza və yazılı məsləhətləşmədir.

Qanunda əksini tapan İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 2 ildir. İctimai Şura qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır.

Xatırladaq ki, bu millət vəkili Azay Quliyevin müəllifiliyi ilə qəbul olunan ikinci qanun layihəsidir. Bundan öncə A.Quliyevin “Könüllü Fəaliyyət Haqqında” qanun layihəsi qəbul olunub. Bununla yanaşı Şura tərəfindən “Sosial Sifarişlər haqqında” və “Peşə Birlikləri haqqında” qanun layihələri də Milli Məclisə təqdim olunub. “Sosial Sifarişlər haqqında” qanun layihəsinin gələn ay, “Peşə Birlikləri haqqında” layihənin isə növbəti il Milli Məclisin gündəliyinə çıxarılması gözlənilir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu