Modern.az

Deputat: “Reytinq üçün efirdə uşaqları ağladırlar”

Deputat: “Reytinq üçün efirdə uşaqları ağladırlar”

Təhsil

23 Noyabr 2013, 01:14

Bəxtiyar Sadıqov: “Studiyaya bir kişini gətirib uşağa deyirlər ki, bu sənin atandır”

Televiziya məkanında ailədaxili münaqişələrin təqdimi son vaxtlar aşırı xarakter alıb. Milli Məclisin deputatı Bəxtiyar Sadıqov məsələ ilə bağlı Simsar.az-a danışaraq, həmin problemlərin bu şəkildə qabardılmasının milli-mənəvi dəyərlərimizə zidd olduğunu bildirib. Onun sözlərinə görə, bəzi hadisələrin qabardılması onların cəmiyyətin nəzərində tipikləşməsinə səbəb olur.

“Azərbaycanın televiziya məkanında ucuz sensasiya arxasınca getmək, harda xoşagəlməz, millətimizin adına yaraşmayan təsadüfi hadisə baş veribsə onu ekranda saatlarla müzakirə etmək çox pis ənənəyə çevrilib. Burada nə milli mənəvi dəyərlər nəzərə alınır, nə də ki, ailə daxili sirlərin ictimaiyyətə çıxarılması.

Sadəcə telekanallar üçün müəyyən fakt olsun. Həmin ailənin üzvləri kifayət qədər savadı olmayan insanlar tərəfindən köməklik adıyla aldadılaraq verilişə gətirilir. Sonra da həm onlar alçaldılır, həm də bütövlükdə milli mənəvi dəyərlərə kölgə salan hallar tipikləşdirilir. Üstəlik ayrı-ayrı şəxslərin, xüsusilə, uşaqların hüquqları pozulur. Studiyaya bir kişini gətirib uşağa deyirlər ki, bu sənin atandır. Bəzən isə qabaqcadan xəbərdarlıq edirlər ki, səni müzakirə edərkən ağlayacaqsan. Kamera kimi çəkirsə, o ağlayır. Bir çox hallarda heç studiyaya gələn valideyn verilişdən sonra övladına qayğı göstərmir. Ancaq uşaq mənəvi cəhətdən zərər görür”.

B.Sadıqov bu məsələ ilə bağlı QHT-ləri daha da aktiv olmağa dəvət edib. “QHT-lər bu məsələ ilə ciddi və prinsipial şəkildə maraqlanmalı, məsələnin üzərinə düşərək qarşısını almalıdırlar. Biz də məsələ ilə bağlı üzərimizə düşəni edirik. Konstitusiyamıza şəxsi həyata müdaxilə ilə bağlı dəyişiklik etmişik. Ona görə də şəxsi həyatla bağlı hər məsələ ictimai şəkildə müzakirə edilməli deyil”.

Qeyd edək ki, bir neçə gün öncə televiziya məkanında uşaqların psixologiyasına mənfi təsir edən verilişlərə azyaşlıların cəlb olunması QHT-lərin etirazına səbəb olmuşdu. Məsələ ilə bağlı QHT-lər tərəfindən Heydər Əliyev Fonduna da şikayət edilmişdi.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur