Modern.az

Şotlandiyalı zurnaçılar İçərişəhərdə...

Şotlandiyalı zurnaçılar İçərişəhərdə...

Təhsil

23 Noyabr 2013, 09:44


Hər il olduğu kimi, bu il də ənənəvi olaraq şotlandlar Bakı şəhərində Müqəddəs Endryu gününü qeyd edəcəklər. Bakı Kaledoniya Cəmiyyətinin təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi Şotlandiya milli musiqi ifaçıları olan zurnaçılar qrupu İçərişəhərdə bayram yürüşü keçirəcəklər. Noyabr ayının 23-də İçəri Şəhərdə şotland ab-havası yaşanacaq.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Modern.az-a verilən məlumata görə, şotland tuluq zurnaçıları parada öz musiqilərini səsləndirərək Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda başlayacaq və daha sonra Müqəddəs Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçəcəklər. Tuluq zurnaçılarının nümayişi İçəri Şəhərin əsas küçələrində təxminən bir saat davam edərək, Qız Qalasının yanında başa çatacaqdır. Sonda Qız Qalasının qarşısındakı meydanda şotland musiqisinin sədaları altında milli rəqslər nümayiş olunacaq.
  Qeyd edək ki, şotlandlar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edir və onun şərəfinə hər il noyabr ayında bayram tədbirləri keçirir. Bu, şotlandların milli bayramıdır. Şotlandiyadan musiqiçilər bu günü qeyd etmək üçün Bakıya gələrək bu yolla öz mədəniyyətlərini fərqli mədəniyyətlərin beşiyi olan şəhərimizdə təbliğ edirlər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi paytaxt sakinlərini və şəhərimizin qonaqlarını bayram tədbirində iştirak etməyə  dəvət edir.      Modern.az
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur