Modern.az

Mehriban Əliyeva Parisdə açılmış sərgidə- FOTOLAR

Mehriban Əliyeva Parisdə açılmış sərgidə- FOTOLAR

Təhsil

23 Noyabr 2013, 10:19

Noyabrın 22-də Parisdəki Mədəniyyət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən "Azərbaycan - tolerantlıq məkanı" adlı foto sərgisi açılmışdır.

AzərTAc-ın məlumatına görə, sərgidə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak etmişdir.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı, vitse-prezident Leyla Əliyevanı və qonaqları salamlamış, "Azərbaycan tolerantlıq məkanı" adlı sərgidə nümayiş etdirilən fotoların müəllifi Reza Deqatinin Azərbaycanın, həmçinin Fransanın böyük dostu olduğunu bildirmişdir.

Səfir sərgidəki fotoların dünyanın bir çox ölkələrində tolerantlığın mövcud olduğunu bildirmiş, sərginin bir qədər əvvəl UNESCO-da nümayiş etdirildiyini xatırlatmışdır.

Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edərək bildirmişdir ki, müxtəlif dini və etnik mənsubiyyətə malik insanların Azərbaycanda əsrlər boyu dinc yanaşı yaşaması ölkəmizdə möhkəm və sağlam təməllər üzərində qurulmuş və qarşılıqlı hörmətə əsaslanan tolerant cəmiyyət modelinin özünəməxsus və unikal formasının yaranmasına səbəb olmuşdur.

Leyla Əliyeva qeyd etmişdir ki, multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyətidir və bu gün ölkəmizdə mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin nümayişi məhz Azərbaycan dövlətinin bu milli xüsusiyyətin qoruyub saxlanması, daha da inkişaf etdirilməsi və dünyada təbliği istiqamətindəki ardıcıl və davamlı siyasətinin bariz nümunəsidir.

Fransa Senatının Qafqaz-Azərbaycan dostluq qrupunun üzvü Jan-Mari Bokel sərgidə nümayiş etdirilən fotolardan mütəəssir olduğunu bildirmiş və qeyd etmişdir ki, bu gün multikulturalizmi siyasi dövriyyədən çıxarmağa çalışan bir sıra Avropa dövlətlərindən fərqli olaraq dini və mədəni tolerantlığı dövlət siyasətinin mühüm elementinə çevirə bilmiş Azərbaycanı bu nailiyyətlərinə görə yalnız alqışlamaq olar.

Senator bu yaxınlarda Azərbaycana səfər etdiyini, Gəncədə olduğunu xatırlatmış, ölkəmizdə müxtəlif millətlərin nümayəndələrinin dostluq və mehriban şəraitdə yaşadığını, Azərbaycandakı tolerantlığın digər ölkələrə nümunə olduğunu, həmkarlarının Azərbaycanın dostu olduğunu, tolerantlığın insanlar arasında ünsiyyət yaratması istiqamətində əhəmiyyətini vurğulamış, bütün dünyada qorxu hökm sürdüyü bir vaxtda tolerantlığın vacibliyini diqqətə çəkmişdir.

İSESKO-nun baş direktoru Dr. Əbduləziz Osman Əl-Tüveycri bildirmişdir ki, müstəqillik qazandıqdan sonra Azərbaycan yüksək sürətlə inkişaf etməklə yanaşı, tarix boyu bu ölkədə formalaşmış mədəni və dini müxtəlifliyin unikal harmoniyasının yaranmasına nail olmuşdur. Məhz bu cəhətdən Azərbaycan dünyanın bir çox ölkələrinə, xüsusilə də İslam coğrafiyasının dövlətlərinə nümunə ola bilər.

Baş direktor Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuş, ölkəmizin ərazilərinin işğal edilməsini müasir sivil dünya üçün dözülməz fakt olduğunu bildirmiş və torpaqlarımızın tezliklə azad olmasına çağırmışdır.

Sərgidə nümayiş etdirilən fotoların müəllifi, Parisdə yaşayan dünyanın tanınmış fotoqraflarından biri, əslən azərbaycanlı olan Reza Deqati sərgi iştirakçılarına Azərbaycanda rastlaşdığı dözümlülük mühitinin dünyada unikal modellərdən biri olduğunu vurğulamış, Heydər Əliyev Fonduna bu nəcib təşəbbüsə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirmişdir.

Sərgidə Fransanın dövlət və hökumət rəsmləri, UNESCO-nun baş direktoru, Parisin VII rayonunun meri, senatorlar, deputatlar, tanınmış incəsənət ustaları, fransız ictimaiyyətinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarından ibarət 500 qonaq iştirak etmişdir.

 

  

Modern.az




























Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur