Modern.az

Təhsil Nazirliyi buraxılış imtahanlarından kənarlaşdırılacaq şagirdlərin sayını dəqiqləşdirir

Təhsil Nazirliyi buraxılış imtahanlarından kənarlaşdırılacaq şagirdlərin sayını dəqiqləşdirir

5 May 2010, 17:49

Təhsil Nazirliyi bu il 27 fevral - 4 aprel aralığında respublikanın bütün bölgələri üzrə ümumtəhsil məktəblərində əsas və orta təhsil pillələri üçün mərkəzləşdirilmiş qaydada sınaq imtahanları keçirib. Nəticələr artıq məlumdur.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, IX siniflər üzrə 138006 şagirddən 127796-sı, yəni 92,6 faizi imtahanda iştirak edib və onlardan 82691 nəfəri, yəni 64,71 faizi müsbət qiymət alıb. Bu isə o deməkdir ki, 45105 şagird mənfi qiymət alıb. XI siniflər üzrə isə 96394 şagirddən 90134-ü, yəni 93,5 imtahanda iştirak edib, onlardan 37181 nəfər, yəni 41,25 faizi müvəffəq qiymət alıb. Deməli 52953 şagird qeyri-müvəffəq qiymət alıb.

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva Modern.az saytına açıqlamasında bildirib ki, sınaq imtahanlarından qeyri-müvəffəq qiymət alan şagirdlərin hamısının buraxılış imtahanlarına buraxılmayacağı hələ dəqiqləşməyib: “Əgər şagird hər hansı bir fəndən qeyri-kafi qiymət alıbsa, bu o demək deyil ki, o, buraxılış imtahanlarına buraxılmayacaq. Şagirdin I və II yarımillikdə aldığı qiymətlər də hesablanacaq, ondan sonra qərar veriləcək. Bu prosedur may ayının 20-nə kimi aparılacaq. Ondan sonra neçə şagirdin buraxılış imtahanlarına buraxılmayacağı bilinəcək”.

T.Hacıyeva illik qiymətləri mənfi olan şagirdlərin buraxılış imtahanına buraxılmayacağını deyib: “Həmin şagirdlər növbəti il təhsil aldığı orta məktəbə və Təhsil Nazirliyinə ərizə ilə müraciət edərək qeyri-kafi qiymət aldıqları fəndən yenidən imtahan verməlidirlər”.

Qeyd edək ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə  sınaq imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanının qiymətləri əsasında hesablanacaq.

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi