Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 14 iyul 1969-cu il Ümummilli Lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlməsinin 55-ci ildönümü ilə əlaqədar "14 iyul - Zirvəyə yüksəlişin başlandığı gün" mövzusunda tədbir keçirilib.
Modern.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Mərkəzin önündə ucalan abidəsini ziyarət edib,önünə tər güllər düzüblər.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdən əvvəl Mərkəzin əməkdaşı qonaqlara Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verdi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirdi ki, İyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi tamam olur. Əsası 1969-cu ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf konsepsiyası bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev bu məsuliyyətli vəzifəni üzərinə götürərkən bəyan etmişdir ki, bütün fəaliyyətini Heydər Əliyev siyasətinə- insana qayğı və diqqət üzərində quraraq sosialyönümlü islahatlar həyata keçirəcəkdir. Görülən işlər ölkəmizi günü-gündən irəliyə doğru aparır.
Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Kəlbəcər sektorunun baş məsləhətçisi Hikmət Şahmuradov, Kəlbəcər rayon Statistika İdarəsinin rəisi Ramil Salmanov, Gəncəbasar Aşıqlar birliyinin sədri Elbrus Hüseynov və digərləri çıxış edərək bildirdilər ki, 1969-cu il 14 iyulun Azərbaycanın yeni tarixində müstəsna yeri var. Həmin tarixdən başlayaraq respublikamızın bütün sahələrində köklü islahatlar baş vermiş və ölkəmiz sürətli inkişaf yoluna qədəm qoymuşdur. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında ön sıralara çıxıb. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır.