Hərbçillərin soyuq ağlı və sərt həyatı mülki vətəndaşlardan həmişə fərqlənib. “General olmaq istəməyən əsgər, əsgər deyil”. Məşhur rus sərkərdəsi Suvorov belə deyib. Amma hərb sahəsində ən yüksək zirvəyə çatmaq və oranı “Ura!” sədaları altında tərk etmək də çox zor işdir...
Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında sizə iki generalın əks olunduğu fotonu təqdim edirik. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi, ordu generalı İsmayıl Hakkı Karadayı və Azərbaycanın sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev.
Tarix 1998-ci ilin mart ayı.. Məkan Bakı... Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının o vaxtkı rəisi Karadayı Bakıya gəlib.
Binə hava limanında onu Türkiyənin Bakıdakı səfiri Qədri Ecvet Tezcan və Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qarşılayır...
İçində millətçi türk ideolojisi daşlaşmış Karadayı və sovet hərbi məktəbinin yetirdiyi beynəlmiləçi Əbiyev... Dünənə qədər “soyuq müharibə”də vuruşan, iki fərqli hərbi blokun-NATO-nun və “Varşava müqaviləsi” nin paqonlarını daşıyan zabitləri siyasi zəlzələ” –SSRİ-nin dağılması indi bir araya gətirb..
Bundan bir ay əvvəl Türkiyədə “Ceyhan Otel”də Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevlə görüşən Karadayı ona “sonralar bir neçə il lazım oldu ki, Mustafa Kamal Atatürkün rəhbərliyi ilə yeni –yeni islahatlar keçirildi və Türkiyədə həqiqi demokratik cəmiyyət quruldu” sözlərini demişdi. Amma tarix həmişə “islahatlar küləyində” öz qurbanlarını tapa bilib.
Cəmi 3 ildən sonra Ankara yeni siyasi rəhbərin triumfuna şahidlik etdi. “İslahatlar küləyi” vəd edən Rəcəb Tayyib Ərdoğan hakimiyyətini bəzən “Kamal Türkiyəsinin qənimi” də adlandırırlar. Ordu mülki həyat üzərində nəzarətini itirdi. Karadayı isə dövlət çevrilişinə cəhd ittihamı ilə açılan “Ergenekon” işi adlı cinayət işi üzrə həbs olundu...
General Səfər Əbiyev isə 18 il müdafiə naziri işləsə də, müharibənin zəfər paradını qəbul edə bilmədi. “İslahat küləyi” onu da apardı...
Tarixə düşmək olur: Sadəcə fərqli statuslarla...
P.S. Şəkildə türk jurnalist Bakıdakı Şəhidlər Xiyabanında türk şəhidliyinin açılmasına etirazdan bəhs edən manşet yazısını Karadayıya təqdim edir ki, general bu işə bir əncam çəksin. Belə də olur. Iki il sonra, 2000-ci ilin mayında Bakıdakı Şəhidlər Xiyabanında 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin abidəsini aşılışını edirlər...