Modern.az

Sosial büdcə, yoxsa..?- ARAŞDIRMA

Sosial büdcə, yoxsa..?- ARAŞDIRMA

Təhsil

23 Noyabr 2013, 23:48

Ekspertlər: Sosial bazar ölkələrində hökumət büdcənin az qala yarısını sosial sahələrə yönəldir

Milli Məslisdə təsdiq olunan “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, 2014-cü il dövlət büdcəsinin gəlirləri 18,384 milyard  manat, xərcləri 20.063 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 17 601 576 min manat, yerli gəlirləri 782 424 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551 min manat, yerli xərcləri 1 629 449  min  manat) məbləğində nəzərdə tutulub.

Dövlət büdcəsində sosial xərclər artırılıb

Milli Məclisdə yeni il üçün büdcə zərfinin müzakirəsi zamanı Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov bildirib ki, 2014-cü il dövlət büdcəsinin xərclərində sosialyönlü xərclərin (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsulllarının alınması üzrə xərclərin cəmi) xüsusi çəkisi 26,6 % olmaqla, 2013-cü illə müqayisədə 1,3 % artıb. Mütləq ifadədə bu məqsədə 5 337,3 mln. manat vəsait proqnozlaşdırılıb ki, bu da 2013-cü ilə nisbətən 298,9 mln. manat və ya 5,9 % çoxdur.

Gələn il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 4 milyard 909 milyon 500 min manat vəsait ayrılması proqnozlaşdırlır. Bu isə 2013-cü ildə ayrılan vəsaitdən 10,7 faiz çoxdur.

Bu rəqəmlərdən çıxış edərək hokumət üzvləri və bəzi iqtisadçılar büdcəni sosial büdcə adlandıraraq, Azərbaycanın sosial dövlət olduğunu bildirirlər. Bu, həqiqətənmi belədir? Bu suala müstəqil ekspertlərin köməyi ilə aydınlıq gətirməyə çalışacağıq.

“Sosial büdcəmiz digər ölkələrdəkindən 2 dəfə azdır”

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevin fikirncə, sosial yönümlü büdcə o büdcədir ki, o büdcədə sosial bölmələr üzrə xərclərin payının əhəmiyyətli çəkisi olur: “Dünya praktikasında sosial xərclərin payı 40 faizdən az deyil. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, sosial xərclər dedikdə bura təhsil, səhiyyə, sosial müdafiə, mədəniyyət və bu kimi sosial əhəmiyyətli sahələr daxildir”.

Rövşən Ağayev qonşu Gürcüstanla müqayisə aparıb: “2014-cü ildə ölkə əhalisinin hər nəfəri hesabı ilə dövlət büdcəsindən səhiyyə və sosial müdafiə xərclərinə Azərbaycanda 310 manat, Gürcüstanda 290 manat (602 gürcü larisi) xərclənməsi proqnozlaşdırılır. 2014-cü ildə səhiyyə və sosial müdafiəyə dövlət büdcəsinin Azərbaycanda 14%-nin, Gürcüstanda 36%-nin xərclənməsi proqnozlaşdırılır”.

Gürcüstanın 2014-ci il büdcəsində sosial müdafiə, səhiyyə və təhsil sahələri daxil olmaqla 3 vacib sosial blokun payı 46 faizidr. Hökumətin həmişə yoxsul dediyi Gürcüstanda büdcədəki hər 1 dollardan 1-i sosial istiqamətlərə xərclənir.

Azərbaycanda isə 2014-cü ilin büdcəsində sosial bloklar üzrə, təhsil, səhiyyə, sosial müdafiə və mədəniyyətə cəmi 22 faiz vəsait xərclənəcək. Yəni, bizdə hər 5 dollardan yalnız 1 dolları sosial sahələrə xərclənir”.

Ekspert Qazaxstanla da analoji müqayisə apardı: “2013-cü ildə təhsil, səhiyyə və sosial müdafiəyə Qazaxstanda 15 milyard dollar (2,3 trilyon təngə), Azərbaycanda 5,1 milyard dollar (4 milyard manat) ayrılıb. Sosial xərclərin ümumi büdcə xərclərində payı Qazaxstanda 38%, Azərbaycanda 20% təşkil edir. Sosial xərclərin adambaşına həcmi Qazaxstanda 900 dollar, Azərbaycanda 560 dollar təşkil edir.

Ən maraqlısı odur ki, 2013-cü ildə Qazaxstanda adambaşına ümumi büdcə xərcləri Azərbaycandan 400 dollar az olmaqla 2400 dollar təşkil etdiyi halda sosial xərclərin adambaşına həcmi bizdə olduğundan az qala 2 dəfə çoxdu. Bu fakt onu göstərir ki, Qazaxstan hökuməti üçün bəyanatlarda deyil, real həyatda sosial sahələrin inkişafı prioritet təşkil edir”.

Konstitusiyamızda yazılıb ki, Azərbaycan sosial yönümlü bazar iqtisadiyyatına malik dövlətdir. Sosial bazar ölkələrində hökumət büdcənin az qala yarısını sosial sahələrə yönəldir, Azərbaycanda isə bu göstərici təxminən 2 dəfə aşağıdır- deyə ekspert vurğulayıb.

“Bu büdcəyə sosial büdcə demək mümkün deyil”

Rövşən Ağayev diqqəti başqa məqama da çəkir: “Növbəti ilin büdcəsində büdcə təşkilatlarının kommunal və kommunikasiya istehlakına hökumət xərcləri 78 faiz artırıldığı halda, əmək haqqı xərcləri cəmi 7,5 faiz artır. Büdcədən 800 min nəfərə qədər insan məvacib alır. Bu qədər insanın məvacibi cəmi 212 mln manat artırılır, amma büdcə təşkilatlarının kommunal, kommunikasiya xərcləri 282 mln manat artırılır.

Əgər büdcə təsnifatına, iqtisadi xərc maddələrinə baxsaq, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 70,1 mln manat artacaq. Bu da 4 faiz edir. Əmək xərcləri və sosial xərclər üst-üstə 7-8 faiz artır. Burda digər alış və xidmətlər adı altında bir xətt var- bilinmir hansı istiqamətə gedir-110 mln manatdan 300 mln manata qədər artım var.

Üstəlik, hökumətin istehlakı, qurumların istehlak olunan malların alınması ilə bağlı xərclərdə 20 faizə qədər artım var. Bütün bu rəqəmlər bir daha onu göstərir ki, hökumətin sosial yönümlü dediyi büdcə qətiyyən sosial yönümlü deyil. Əksinə, 2014-cü ilin büdcə sənədindən aydın görünür ki, bu çox qeyri-şəffaf büdcədir. Hökumət elə təsnifat sistemi qurub ki, bu büdcəni normal şəkildə vətəndaş cəmiyyəti, ekspertlər oxuyub qiymətləndirə bilmir”.

Göründüyü kimi, Azərbaycan büdcəsini əslində sosial büdcə adlandırmaq olmaz. Belə büdcə ilə Azərbaycan sosial dövlət adlandırılması yanlış olardı. Lakin sosial dövlətə çevrilmək üçün imkanlar var, bunun üçün ilk növbədə büdcədə sosial xərcləri artırmaq lazımdır. Bəs Azərbaycanın dövlət büdcəsini necə sosial büdcəyə çevirmək olar? Bunu etmək üçün hansı addımların artılmasına ehtiyac var?

“Sosial xərclər investisiyaların azaldılması hesabına artırıla bilər”

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov düşünür ki, büdcədə investisiya xərclərinin daha çox azaldılaraq social xərclərin artırılmasına ehtiyac var: "Gələn ilin büdcə sənədi ilə bağlı açıqlanan prioritetlərdə diqqətçəkən məqam ondan ibarətdir ki, gəlirlərlə yanaşı xərclərin bölgüsündə sosial istiqamətlər üzrə ödənişlərin payının artırılması planlaşdırılıb.

Yəni, praktiki olaraq sosial xərclərin 2014-cü ildə prioritet olacağı güman edilir. Eyni zamanda xərclərlə bağlı önəmli məqamlardan biri ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsində infrastruktur və investisiya xərclərinin azaldılmasına ehtiyac var. Çünki artıq Azərbaycanda infrastrukturun formalaşdırılmasının birinci mərhələsi başa çatıb. Bu baxımdan indiki məqamda bununla bağlı xərclərin azaldılması zəruridir".

Ekspert eyni zamanda vurğulayıb ki, Azərbaycanda sosial büdcənin formalaşmasının vaxtı çatıb. Vüqar Bayramovun fikrincə, ölkədə bu tip büdcənin formalaşdırılması üçün ilk növbədə investisiya xərcləri azaldılmalıdır: “Hazırda büdcədə qeyri-neft sektorunda daxilomaların, eləcə də vergili ödənişlərin sayının artırılmasına ehtiyac var. Nəzərə alsaq ki, Maliyyə Nazirliyinin qiymətləndirməsinə görə bu ilin dövlət büdcəsində neft sektorunun payı 75 faizdir, o zaman qeyri-neft sektorunun payının artırılmasına nə qədər ehtiyac olduğu açıq şəkildə görünər. İqtisadiyyatın şaxələndirilməsinin əsas götürülməsi həm qeyri-neft sektorundan, həm də vergili ödənişlərdən daxilolmaların sayının artırılmasına müsbət təsir göstərə bilər”.

Sosial  dövlət olmaq üçün nə etməli?

Yazımızdan çıxan nəticəyə görə, büdcə xərclərinin strukturunda ciddi dəyişiklik etmək tələb olunur. Büdcədə ən çox paya malik olan investisiya bloku azaldılmalıdır. Çünki son illərdə on milyardlarla manatın dövlət investisiyası şəklində iqtisadiyyata qoyulması öz nəticələrini ÜDM-də və büdcədə o qədər də göstərmədi. Gələn ilki dövlət büdcəsinin azalması və büdcədə kəsirin artması bunu deməyə əsas verir.

Dövlət büdcəsindən ayrılan iri investisiyalar korrupsiyanın qurbanına çevrilir və real iqtisadiyyata ciddi səmərə gətirmir. Buna görə də, investisiya yükünü dövlətin üzərindən götürüb bu işi sahibkarlara buraxmaq lazımdır.

Dövlət isə azad bazarın formalaşmasını təmin etməli, onu tənzimləməli və ordan gəlirini götürüb sosial büdcəni artırmalıdır. Sosial dövlət olmaq üçün büdcə xərclərində sosial xərclərin payı heç olmasa 40 faizə çatdırılmalıdır.

Əslində, dövlət korrupsiya, monopoliya hallarını aradan qaldırsa və azad bazar təmin edilsə, heç sosial büdcəni ciddi şəkildə artırmağa ehtiyac da qalmayacaq. Lakin hökumətdə belə düşünmürlər, bunu gələn ilki büdcə aydın şəkildə göstərir.

Elçin Bayramlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İran darmadağın edilir - Xamenei hədəf alındı