Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyevin doğum günüdür. “Mənim üçün ad günü ailə ənənəsinə bağlı bir tədbirdir. Ad günümü hər zaman ailəmlə birgə qeyd etdiyim kimi, bu il də onlarla olacağam”, – deyə M. Quliyev Modern.az-a açıqlamasında bildirib.
Musa Quliyev 1961-ci il noyabrın 25-də Qərbi Azərbaycanın Zəngəzur qəzası Sisyan rayonunun Urud kəndində anadan olub. Burada orta məktəbi qızıl medalla bitirib (1978). N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakultəsini (1984) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini (2004) bitirib. Əmək fəaliyyətinə təyinatla göndərildiyi Gəncə şəhərində, A.Səhhət adına 1 saylı xəstəxanada həkim kimi başlayıb (1984-1985). Gəncə Narkoloji dispanserində həkim-narkoloq (1986-1990), 7 saylı Bakı şəhəri poliklinikasında həkim nevropatoloq (1990-1993), Bakı şəhəri Yasamal rayonunda həkim əmək ekspert komissiyasında ekspert nevropatoloq (1993-1994), Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyində şöbə müdiri (1994-1997), idarə rəisi (1997-2000) vəzifələrində işləyib.
2000-2005, 2005-2010-cu illərdə ikinci və üçüncü çağırış Milli Məclisdə təmsil olunub. 2010-cu ildə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsindən dördüncü çağırış Milli Məclisə deputat seçilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Musa Quliyev həm də Musa Urud imzası ilə şeirlər yazır.
Evlidir, 3 övladı var.
Modern.az olaraq təbriklərə qoşulur və şair-deputata uzun ömür, can sağlığı arzu edirik.
Gülşən Raufqızı