Moskvada MDB dövlətlərinin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXVI iclası keçirilib. Tədbirdə ölkəmizi əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və nazirliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Xaliq İlyasov təmsil ediblər.
Modern.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, iclasda Şuranın ötən il Bakıda keçirilən XXV iclasında qəbul olunmuş qərarların icra vəziyyəti, MDB-yə üzv ölkələrdə əmək və sosial müdafiə sahəsində həyata keçirilən tədbirlər və onların nəticələri, peşə hazırlığı işinin təkmilləşdirilməsi, aidiyyəti iş sahələrində təcrübə mübadilələrinin aparılması və digər məsələlər müzakirə olunub. Eyni zamanda, iştirakçılar tərəfindən 2014-cü ilin mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Məşvərət Şurasının əlilliyin səviyyəsinin müəyyənləşdirilməsi və reabilitasiya məsələləri üzrə İşçi Qrupunun iclasının keçirilməsi təklifi irəli sürülüb və bu barədə MDB İcraiyyə Komitəsinə müraciət qəbul edilib. Tədbir çərçivəsində Natiq Məmmədov Rusiya Federasiyasının əmək və sosial müdafiə naziri Maksim Topilin, bu ölkənin Federal Miqrasiya Xidmətinin rəis müavini Anatoli Kuznetsov, Qazaxıstan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Kayrat Absattarov, Belarus Respublikasının əmək və sosial müdafiə nazirinin müavini İqor Starovoytov ilə ikitərəfli görüşlər keçirib.Görüşlər zamanı qeyd olunan ölkələrin müvafiq dövlət qurumları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadilələri aparılıb. Görüşlərdə ötən il Bakıda Məşvərət Şurasının XXV iclasının uğurla və səmərəli keçirildiyi də vurğulanıb.
Modern.az