Prezident İlham Əliyev "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli sərəncamının 1-ci hissəsinin birinci abzasında "və əməkdar hüquqşünas" sözləri ", əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi" sözləri ilə əvəz edilir.
Qeyd edək ki, dəyişikliyə qədər həmin sərəncamın 1-ci hissəsinin birinci abzası aşağıdakı kimi idi: "Fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 100 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis və əməkdar hüquqşünas üçün 60 manat müəyyən edilsin".
Dövlət başçısı "Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında da fərman imzalayıb.
Fərmana əsasən, "Azərbaycan Respublikası fəxri adının vəsiqəsi nümunəsinin və Azərbaycan Respublikası fəxri adlarının döş nişanları təsvirinin və eskizlərinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 9 iyun tarixli 879 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilir:
1. 3-cü hissənin iyirminci abzasında nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin hissəyə aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilsin:
"Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adının döş nişanı və vəsiqəsi - 250 ədəd.".
2. Həmin Fərmanla təsdiq edilmiş Azərbaycan Respublikası fəxri adının vəsiqəsinin nümunəsi bu fərmana əlavə olunmuş Azərbaycan Respublikası fəxri adının vəsiqəsinin yeni nümunəsi ilə əvəz edilsin.
İlham Əliyev, həmçinin Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilir:
Dəyişikliklərə əsasən, 1-ci bəndin birinci abzasında "bədən tərbiyəsi və idman," sözlərindən sonra "kənd təsərrüfatı," sözləri əlavə edilir.
2.3-cü bəndə aşağıdakı məzmunda iyirmi birinci abzas əlavə edilir:
"Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı kənd təsərrüfatının inkişafında xüsusi xidmət göstərmiş və bu sahədə yüksək nailiyyət əldə etmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına, emalçılarına, aqrar sahədə fəaliyyət göstərən elmi tədqiqat institutlarının, aqrar sahənin xidmət təşkilatlarının işçilərinə, aqrar sahəni idarəetmə orqanlarının əməkdaşlarına verilir.".