“Azərbaycanın “Şərq Tərəfdaşlığı çərçivəsində assosiativ sazişi imzalamaq üçün sənədləri tam olaraq hazır deyil. Çünki Azərbaycan bu məsələ ilə bağlı çox da tərəqqi əldə etməyib. Yeganə hazır olan vizanın liberallaşdırılmasıdır. Yəqin ki, Vilnüsdə Azərbaycanla Avropa Birliyi arasında vizanın sadələşdirilməsi ilə bağlı saziş imzalanacaq”.
Bunu Modern.az-a açıqlamasında “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev deyib. O, qeyd edib ki, Avropa Birliyi Azərbaycanın qarşısında kifayət qədər ciddi tələblər qoyub:
“Bu, Azərbaycanın qəbul etmədiyi inhisarların aradan qaldırılmasıdır. Yəni ölkədə iqtisadiyyat liberallaşdırılmalıdır. Bununla paralel olaraq ölkənin Dünya Ticarət Təşkilatına üzvlüyünün əldə olunmasıdır. Digər məsələ insan hüquqları və demokratiya ilə bağlı problemlərin aradan qaldırılmasıdır. Bu məsələdə Azərbaycan hakimiyyəti hazır görünmür. Buna görə də hakimiyyət assosiativ üzvlüklə bağlı qərar verə bilməyəcək”.
R. Nurullayev bildirib ki, Azərbaycan hazırda Avropa Birliyi ilə saziş imzalayarsa, Rusiya gözlənilməz addımlar ata bilər: “Azərbaycanın iqtisadiyyatının çökdürülməsi üçün tranzit xətləri bağlanılması, iqtisadi əlaqələrin kəsilməsi, azərbaycanlı miqrantların Rusiyadan köçürülməsi kimi hadisələr baş verə bilər. Düşünürəm ki, Azərbaycan Rusiya və Avropa Birliyi ilə eyni məsafədə dayanmağı üstün tutacaq. Azərbaycan bu məsələdə balans yaratmaq istəyir. Məsələ ondadır ki, nə Rusiya, nə də Avropa Birliyi Azərbaycanın balansını qəbul etmək istəyir. İndi Azərbaycan məqbul bir variant axtarır ki, tərəfləri razı salsın. Hesab edirəm ki, Azərbaycan qəti mövqeyini açıqlamayacaq”.
Ekspert “bu layihələrin həlli referendumla mümkündürmü” sualına belə cavab verib: “Bu layihələrin referenduma çıxarılması üçün bir sıra məsələlər həll edilməlidir. Bu məsələlərdə Azərbaycan o qədər kənarda dayanıb ki, referendumun keçirilməsi absurd görünür. Ümumiyyətlə, Azərbaycan Avropa Birliyi ilə sazişi imzalamaq üçün kifayət qədər inqilabi islahatlar keçirməlidir. Bunun isə heç cücərtiləri də yoxdur. Azərbaycanın Gömrük İttifaqına qoşulması üçün isə heç bir maneə yoxdur, heç bir tələb irəli sürülmür. Bu təşkilat Azərbaycan hakimiyyətinə xoş gəlməyən suallar vermir. Amma hakimiyyət Rusiya tərəfə meyllənməyə ehtiyat edir. Ölkənin karbohidrogen ehtiyatları Türkiyə üzərindən Qərbə daşınır. Bunun üçün də Azərbaycan Gömrük İttifaqına qoşulması mümkün görünmür”.
İlkin