“Milli Şuranın sessiyasının keçirilməsi ilə bağlı bizdə məlumat yoxdur, amma yaxın günlərdə sessiyanın keçirilməsi gözləniləndir”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib. O, hesab edir ki, qurumun sessiyasının keçirilməsi vacibdir: “Kifayət qədər həll olunası məsələlər var. Ona görə də nə qədər tez olsa, bir o qədər yaxşıdır”.
E. Quliyev bir neçə gün əvvəl Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin Milli Şuranın sədri Rüstəm İbrahimbəyov barəsində dediklərinə də sərt cavab verib: “Vaqif Hacıbəyli öz partiya üzvləriylə, yəni öz yeganə qovluğuyla konsensusa gələndən sonra, “Yeni Müsavat” qəzetinin saytında bolşevik bir məqalə dərc etdirib. Əgər cənab Vaqif Hacıbəylinin bu səviyyəsi, bu təfəkkürü, bu leksikonu və bu sayaq mülahizələri ziyalılığa uyğundursa, onda mən ən azından İspaniya kralıyam. İndi bütün dostlara və qeyri-dostlara bir sual ünvanlayım: görəsən, adamın başının yekə olması onun ağıllı olmasına dəlalət edirmi? Edirsə, onda o adamın ağzına və ağlına nə gəldi deməyə ixtiyarı varmı? Qətiyyən onun səviyyəsinə düşmək fikrində deyiləm”.
İlkin PİRƏLİ