Yazıçı Kamal Abdullanın həm Azərbaycanda, həm də xarici ölkələrin mətbuat səhifələrində geniş müzakirələrə və polemikalara yol açmış məşhur “Yarımçıq əlyazma” romanı Bişkekdə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun sifarişi ilə qırğız dilinə tərcümə olunub.
Modern.az-ın məlumatına görə, roman bu yaxınlarda qırğız dilində işıq üzü görəcək. Romanın tərcüməsi tanınmış şair və tərcüməçi Mukan Asanaliyevin tərcüməsində reallaşdırılıb.
Qeyd edək ki, yazıçının bu əsəri indiyədək ingilis, rus, ərəb, fransız, türk, qazax, portuqal və digər dillərə tərcümə edilərək, ABŞ, Rusiya, Misir, Fransa, Polşa, Qazaxıstan, Braziliya və s. ölkələrdə çap edilib. İndi isə roman qırğız dilində Bişkekdəki “Biyiktik” nəşriyyatında işıq üzü görəcək. B roman yazıçının qırğızdilli məkanda debütü sayılacaq.
Xatırladaq ki, romanın əsas mövzusu, onun aid olduğu tarixi dövrlər, Azərbaycanda cərəyan edən hadisələrdən bəhs edir, yazıçının əsərin ana qayəsini təşkil edən tarixi şəxsiyyətlər və hadisələrə yanaşma tərzi, onları öz dili ilə ifadə üslubu diqqəti çəkib.
“Bu romanın dünyanın müxtəlif ölkələrində oxucular tərəfindən Azərbaycan ədəbiyyatının bir nümunəsi kimi maraqla qarşılanması və həmin əsərdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən və tariximizin önəmli dövrlərindən bəhs olunması qırğız oxucularının da marağına səbəb olacaqı şübhəsizdir.
Zəngin ədəbi ənənələri olan Qırğızıstanda yazarımızın bu romanı Azərbaycan ədəbiyyatı adına əlamətdar hadisə kimi yadda qalacağını düşünürük” deyə Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov bildirib.
Modern.az