1992-ci ilin mayın 18-də Ali Sovetin sessiyasında parlamentin sədri vəzifəsinə o zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən mərhum dövlət başçısı Heydər Əliyevin namizədliyini irəli sürdüm və fasilə zamanı onun bu məsələyə münasibətini öyrənmək üçün keçmiş deputat Arif Hacılı ilə birlikdə birinci vitse-spiker Ziyad Səmədzadənin kabinetinə qalxdım.
Bunu Gün.Az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü, parlamentin komitə sədri, məşhur “91-lər”dən olan Eldar İbrahimov deyib.
Qeyd edək ki, son günlər mərhum dövlət başçısı Heydər Əliyevin 1992-ci ilin məlum may hadisələri zamanı keçmiş Ali Sovetin sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi və onun bu məsələyə münasibətinin öyrənilməsi üçün telefon əlaqəsinin yaradılmasına maneçilik törədilməsi məsələsi yenidən ölkə mətbuatının gündəminə gəlib.
Bu dəfə isə bu məsələni gündəmə gətirən YAP-ın tanınmış simalarından olan sabiq millət vəkili Zahid Qaralov olub. O, bu məsələdə keçmiş birinci vitse-spker, hazırda parlamentin komitə sədri olan Ziyad Zəmədzadəyə qarşı sərt ittihamlar irəli sürüb.
Biz də öz növbəmizdə bu məsələ ətrafında yaranmış qalmaqala aydınlıq gətirmək üçün H.Əliyevlə bağlı məlum təklifin əsaas müəllifi ilə - YAP-ın qurucularından olan E.İbrahimovla əlaqə salmaq qərarına gəldik.
Bizimlə söhbətində bir daha sözügedən təklifin müəllifi olduğunu vurğulayan E.İbrahimov o zaman H.Əliyevlə telefon əlaqəsinin yaradılmasına qəsdən maneçilik törədildiyini bildirib.
“Mən Heydər Əliyevin namizədliyini irəli sürəndən sonra o zaman Ali Sovetin həmin iclasına sədrlik edən birinci vitse-spiker Ziyad Səmədzadə onun kabinetindən Heydər Əliyevə zəng etmək üçün deputatlara-konkret olaraq, mərhum Bəxtiyar Vahabzadə ilə İsmayıl Şıxlıya müraciət etdi, lakin onlar hansısa səbəblərdən bu müraciətə müsbət cavab vermədilər.
Bundan sonra Heydər Əliyevə zəng etmək üçün mən Arif Hacılı ilə birgə Ziyad müəllimin kabinetinə qalxmalı oldum. Bu zaman bir də gördüm ki, dəhlizdə Arif Rəhimzadənin səsi gəlir, o, dedi ki, qorxma, mən də sənin arxandayam.
Mən də dedim ki, əşşi, nədən qorxuram, öz qəlbimin hökmü ilə hərəkət edirəm və heç nədən də çəkinmirəm. Sonra Ziyad müəllimin kabinetindən-iki telefondan Heydər Əliyevlə əlaqə yaratmağa çalışsaq da, onun telefon əlaqəsi alınmadı, telefon xətləri kəsildi” - deyən millət vəkilinin sözlərinə görə, görünür, H.Əliyevlə danışmamaq, onun əlaqə yaratmağa mane olmaq üçün o zaman yenicə hakimiyyəti ələ almış AXC-Müsavat rəhbərliyi bunu etmişdi, telefon xətlərini kəsdirmişdi.
YAP funksioneri qeyd edib ki, bu məsələ ilə bağlı Ümummilli lider H.Əliyev özü də sağlığında dəfələrlə açıqlama verib və bildirib ki, həmin vaxt kabinetində olub, ancaq ona zəng gəlməyib.
“Doğrudan da, bu, belə olub. Mən həmin vaxt Heydər Əliyevin köməkçisi ilə əlaqə saxlayanda o bildirdi ki, Sədərəkdə vəziyyət çox ağırdır, gərgin döyüşlər gedir və bununla əlaqədar aşağıda-iclas zalında Heydər Əliyevin sədrliyi ilə Ali Məclisin iclası keçirilir. Mən bu zaman dedim ki, Heydər Əliyev kabinetinə qayıdanda bizim ona zəng etdiyimizi xəbər verin və mümkün olsa, bizimlə əlaqə saxlasın.
Ancaq məhz dediyim səbəblərdən, telefon əlaqəsinin yaradılmasına qəsdən maneçilik törədlidiyi üçün Heydər Əliyevlə əlaqə saxlamağımız mümkün olmayıb. Hətta, mən Ali Sovetin sessiyasından Naxcıvana qayıdanda Heydər Əliyevlə görüşdüm və görüş zamanı onunla əlaqə yaratmaq istədiyimizi bildirdim, o da cavab verdi ki, kabinetində olub, ancaq Bakı ilə əlaqə yaratması mümkün olmayıb, daha doğrusu, Bakıdan telefon xətlərini qəsdən kəsdiriblər.
Yəni, bu məsələ hamının gözü qarşısında olub və bu məsələdə, Heydər Əliyevlə telefon əlaqəsinin alınmamasında da günahkar o zamankı AXC-Müsavat rəhbərliyidir. Çünki onlar Heydər Əliyevin hakimiyyətə gəlişindən qorxudurlar və buna da hər vəchlə mane olurdular. Ancaq cəmi bir ildən sonra özləri Heydər Əliyevin dalınca təyyarə göndərməli, ona yalvarmalı, hakimiyyətə gətirməli oldular...” - deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib.
Modern.az