Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Larisa Leşçenko ilə görüşüb. Görüşün əsas məqsədi Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyətinin və perspektivlərinin müzakirəsi olub.
Nazir Heydər Əsədov Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında həyata keçirilən layihələri yüksək qiymətləndirmiş, bildirib ki, layihələr çərçivəsində fermer və digər sahibkarların maliyyə vəsaitlərinə və məlumatlara çıxışlarını yaxşılaşdırmaq, özəl baytarlıq şəbəkəsinin yaradılması, quş qripinin qarşısının alınması, infrastruktur və sosial yönümlü icma mikrolayihələrinin (kənd yollarının təmir-bərpası, içməli su təchizatı, məktəb və tibb məntəqələrinin bərpası və s.) icrası təmin edilib.
Kənd təsərrüfatının idarə edilməsinin yeni bir istiqamətə yönəltməyin vacibliyini bildirən Heydər Əsədov Azərbaycanda heyvanların kəsim sexlərinin müasir tələblər səviyyəsində qurulmasında sivil dönüş etmək üçün texniki dəstəyin göstərilməsini, istehsal olunmuş məhsulun istehlakçılara çatdırılmasında texniki yardımın göstərilməsini, aqrar sahədə kadr hazırlığı sahəsində sistemli dəyişiklik edilməsi, kənd təsərrüfatının yeni inkişaf konsepsiyasının hazırlanmasına texniki dəstəyin göstərilməsinin vacibliyini bildirib.
Nazir təqdim olunmuş yeni layihənin (“Kənd Təsərrüfatının Rəqabət Qabliyətliliyinin Gücləndirilməsi”)təqdirəlayiq olduğunu bildirərək tezliklə həyata keçirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Xanım Larisa Leşçenko irəli sürülən təklifləri yüksək qiymətləndirib, bundan sonra da Dünya Bankı ilə Azərbaycan hökuməti arasında aqrar sahədə əməkdaşlığın davam etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.
Modern.az