“David Şahnazaryanın iclasda iştirak etməməsi heç bir problem yaratmayacaq”. Bunu Modern.az-a açıqlamasında Beynəlxalq Helsinki Vətəndaş Assambleysının həmsədri Arzu Abdullayeva deyib. O, Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşündə Ermənistanın sabiq xarici işlər naziri David Şahnazaryanın iştirak etməməsinə münasibət bildirərkən deyib ki, Şahnazaryan Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək ATƏT-in xarici işlər nazirlərinin sammitində iştirak etdiyinə görə Strasburqdakı toplantıya qatıla bilməyəcək: “Starsburqdakı toplantıya Şahnazaryanla birlikdə bir neçə adama dəvət göndərilib. Yəni onlar bir qrupdurlar. Azərbaycanlılar da həmçinin, qrup şəklində iştirak edəcəklər. Ona görə də Şahnazaryanın həmin iclasda iştirak etməməsi heç bir problem yaratmır”.
Qeyd edək ki, Ermənistanın sabiq xarici işlər naziri David Şahnazaryan bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Strasburqdakı toplantıya qatıla bilməyəcək. Şahnazaryan adı çəkilən toplantıda iştirak etmək üçün ona səhvən dəvət göndərildiyini bildirib.