Modern.az

Azərbaycanda seçkilərdən sonra referendum keçiriləcək? - AÇIQLAMA

Azərbaycanda seçkilərdən sonra referendum keçiriləcək? - AÇIQLAMA

Ölkə

26 İyul 2024, 10:15

Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq partiyalar namizədlərini müəyyənləşdirib, müstəqil şəxslər ayrı-ayrı dairələrdən namizəd olublar. 

 

Qeyd edək ki, növbədənkənar parlament seçkilərindən öncə Azərbaycanda referendumun keçiriləcəyi barədə iddialar yayılmışdı. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarışıq seçki sisteminə keçid ediləcəyi deyilirdi.

 

Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin önə çəkilməsi refendum barədə müzakirələri səngitdi. Buna baxmayaraq, bəzi ekspertlər və ictimai şəxslər referendum mövzusunun hələ aktual olduğunu düşünür.

 

Siyasi şərhçilər referendumun növbəti il, bələdiyyə seçkilərindən sonra, bəziləri isə Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra keçirilə biləcəyini deyirlər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan VI çağırış Milli Məclisin deputatı Vüqar İskəndərov deyir ki, Azərbaycanda 2018-ci ildən Prezident İlham Əliyev tərəfindən geniş əhatəli islahatlar paketi icra olunur:

 

“Əsasən 2020-ci ildə əldə edilən qələbə və ondan yaranan yeni siyasi reallıqlar ölkəmizi həm geopolitik, həm də qlobal aləmdə nüfuzunun yüksəlməsinə gətirib çıxarır və gün keçdikcə daha böyük vüsət alır. Siyasi institutların yenilənməsi, yeni çağırışlara uyğunlaşmaq məsələləri də prioritetdir. Biz 2024-cü ildə suverenliyimizi tam bərpa etmişik. Əsasən siyasi institutlarda sabitlik bərqərar olunmalıdır. Azərbaycan Prezidenti növbədənkənar Prezident seçkilərinin keçirilməsi üçün sərəncam verdi. Bundan sonra xalq yenidən cənab İlham Əliyevi öz lideri olaraq seçdi. Bunun ardınca Parlament seçkilərinin növbədənkənar keçirilməsi də reallıqların tələbidir. İlk dəfə olaraq ölkəmizin bütün ərazisində vətəndaşlarımız öz nümayəndələrini Parlamentə seçəcəklər. Qarşıda olan COP29 tədbirinin seçkilərlə eyni dövrə təsadüf etməsi seçkilərin vaxtının dəyişdirilməsini labüd etdi. Dekabrda bələdiyyə seçkilərinin də keçirilməsi təmin ediləcək. Dövlətimiz bütün seçkilərdən üzüağ, alnıaçıq çıxacaq”.

 

V.İskəndərovun sözlərinə görə, geniş müzakirə olunan məsələlərdən biri də referendum keçirilməsi ilə bağlıdır:

 

“Uzun müddətdir həm siyasi məkanda, həm də məişət zəmnində bu məsələ müzakirə olunur. Yüz illərlə dəyişilməz qalan qanunların sayı çox azdır. Qanunlar ya dəyişir, ya da siyasi tələblər və yeni çağırışlar nəticəsində islahatlar həyata keçirilir. Ölkəmiz də bu işlərdə iştirak etməli, lazımi islahatları həyata keçirməldir. Zaman-zaman bəzi qanunda dəyişikliklərə, referendumların keçirilməsinə ehtiyac duyulur. Bu bütün dünya dövlətlərinin keçdiyi bir yoldur. Bunlar ölkə başçısının səlaiyyətlərinə aiddir. Ölkə sifarişi varmı, yaxud lazımdırmı məsələsi müzakirə olunur. Hələlik qarşıda parlament seçkilərimiz və sonrasında da bələdiyyə seçkiləri durur. Referendumun keçirilməsi həyata keçiriləcəksə, bir sıra müddəalar yenilənməlidir”.

 

Müsahibimiz sonda qeyd edib ki, bu məsələlərdən ən çox danışılanlardan biri də yerli icra hakimiyyəti orqanları ilə bağlı məsələdir:

 

“Biz bunu əlimizdə konkret fakt olmadığı üçün fərziyyə kimi qeyd edə bilərik. Referendum olacaqsa, təbii ki, orada kifayət qədər maddələr, yeni qanunlar öz əksini tapacaq. Amma onun hazırda keçirilməsinin vacib olub-olmaması, yaxud nə vaxt keçirilməsi məsələsi aktual deyil. Çünki qarşımızda parlament və bələdiyyə seçkiləri var. Təbii ki, referendum məsələsi labüd olacaqsa, bu xalqın iradəsi ilə bağlıdır. Buna uyğun olaraq da ölkə Prezidenti referendum keçirilməsi ilə bağlı hüququndan istifadə edəcək. Düşünürəm ki, zamanı gələndə referendumun keçirilməsi təmin ediləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri