Modern.az

Səlim Müslümovun nazirliyi onlar üçün “yağlı tikə”yə dönüb

Səlim Müslümovun nazirliyi onlar üçün “yağlı tikə”yə dönüb

27 Noyabr 2013, 09:30

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində baş verən kadr dəyişiklikləri mətbuatın diqqətlə izlədiyi hadisələrdəndir. Ciddi media orqanları yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun bu  istiqamətdə atdığı hər addımı dərhal xəbərə çevirib ictimaiyyətə çatdırır. Bu da rəqabət şəraitində işləyən və daim xəbər axtarışında olan gerçək KİV-lərin özü oxucu auditoriyasını informasiya ilə təmin etməyə çalışmasıyla əlaqədardır. Bu mətbu orqanların marağı oxucu auditoriyasını genişləndirmək, xəbəri daha tez və operativ çatdıran  media adını özündə saxlamaqdır.

Amma bu aralar başqa cür maraq güdən KİV-lər də müşahidə olunur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yaranmış indiki gərginlikdən istifadə etməyə çalışan bəzi fürsətcil “redaksiyalar”ı nə oxucu auditoriyası, nə də operativlik maraqlandırır. Müşahidələr bu məsələdə onların şəxsi mənafe güddüklərini deməyə əsas verir.

Nazirin yeni gəlməsindən, kadr islahatlarından, mövcud gərgin durumdan istifadə edən bu "qaramətbuat" demək olar ki, nazirliyə şantaj və böhtan yazıları ilə hücuma keçiblər.

Son günlər “reket mətbuat” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş verən hadisələrdən palaz materiallar dərc edir. Sanki yarışa çıxıblar. Bu yazılarda nazirliyin məsul şəxslərinə dolayısı yollarla eyhamlar vurulur. “Reketlər” hesab edirlər ki, bu cür şantaj yazılarla adlarının mətbuatda hallanmasını istəməyən dövlət qulluqçularından istədiklərini ala biləcəklər. İstədiklərini əldə etməyincə, öz fantaziyaları əsasında hazırladıqları “məqalələr”lə yeni nazirin diqqətini nazirliyin bəzi işçilərinə doğru yönəltməyə səy göstərirlər. Qisas almaq üçün.
Heç bir əsası olmayan, dəlilsiz, faktsız, sübutsuz yazıların işə yarayacağını düşünən “reket mətbuat” gerçək KİV-lərin də adına xələl gətirməklə məşğuldur.

Deyilənə görə, bu aralar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışanlar reket və dilənçi “KİV-lər”in əlindən lap təngə gəlib, hamı narahatlıq içindədir. Heç kim adının hallanmasını istəmir, “təki xatası məndən uzaq olsun” deyə düşünür...

Əvəllər reket və dilənçi “KİV-lər” sırasında təkcə qəzetlərin adı vardı. Son vaxtlar bu sıraya saytlar da əlavə olunub. Hazırda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə necə deyərlər “yağlı tikə” kimi baxırlar, nə qopartsalar qənimətdi...

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur