Azərbaycan prezidenti İlham Əliyevin Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində noyabrın 28-29-da Vilnüsdə keçiriləcək zirvə toplantısına qatılacaq. Vilnüs sammiti Azərbaycan üçün nə vəd edir?
Modern.az mövzu ilə bağlı müxalifət partiyalarının gözləntilərini öyrənib.
Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, Azərbaycan xalqının taleyi, suverenliyi, Dağlıq Qarabağ münaqişəsi müzakirə obyektidirsə, o zaman rəsmi Bakı Avropa Birliyinə doğru inteqrasiya etməli və sazişlərin hamısını imzalamalıdır. “Azərbaycan Avropa Birliyinə üz tutduğunu bütün dünyaya bəyan etməlidir. Azərbaycan Rusiyanın istədiklərinə məhəl qoymamalı və Ukraynanın elədiyi səhvi təkrarlamamalıdır. Rusiya ilə münasibətlər məlumdur. Dağlıq Qarabağ məsələsini Rusiya heç vaxt həll etməyəcək. Yeganə olaraq Avropa Birliyi Dağlıq Qarabağın azad olunmasını tələb edir”.
AXCP sədrinin müavini Razi Nurullayev də düşünür ki, Azərbaycan Avropa Birliyi ilə sıx inteqrasiya siyasəti yürütməlidir. “AXCP-nin tam istəyi və tələbi Azərbaycanın yaxın gələcəkdə böyük Avropa ailəsinin üzvü olmasıdır. Hesab edirik ki, Azərbaycan Avropaya inteqrasiya ilə bağlı “Şərq Tərəfdaşlığı” çərçivəsində daha ciddi addımlar atmalıdır. Hazırda Azərbaycan yalnız vizanın sadələşdirilməsi ilə bağlı sənədləri imzalamağa hazırdır. Qalan məsələlərdə isə Azərbaycan bir addım da irəli getməyib və bunda rəsmi Bakı çox da maraqlı görünmür. Azərbaycan viza ilə bağlı sənədə imza atmalıdır”, – deyə AXCP rəsmisi qeyd edib.
ADP sədri Sərdar Cəlaloğlu isə qeyd edib ki, Vilnüs sammitindən böyük gözləntiləri olsa da, reallıq da nəzərə alınmalıdır. “Gözləntilərlə reallıq arasında böyük fərqlər var. Biz istəyirik ki, Avropa ilə daha sıx əməkdaşlıq çərçivəsində Azərbaycan sənədləri imzalasın. Amma geopolitik durum elədir ki, bu istiqamətdə addımlar Azərbaycan üçün ağır nəticələrə səbəb ola bilər. Düşünürəm ki, buna baxmayaraq Azərbaycan Avropa Birliyinə doğru növbəti addım atacaq”.
S. Cəlaloğlu Rusiya faktoruna, Gömrük İttifaqı məsələsinə də toxunub. Onun sözlərinə görə Azərbaycan iki qurum arasında seçim etməyə məcbur deyil. “Avropa Birliyinin Rusiyadan fərqli olaraq heç bir zorakılıq niyyəti yoxdur”.
Qeyd edək ki, sammit Avropa Birliyi Şurasının prezidenti Herman vam Rompeyin sədrliyi ilə keçiriləcək. Sammitdə Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə dair sənəd imzalanması, Gürcüstan və Moldova ilə assosiasiya və azad ticarət sazişinin paraflanması gözlənilir.
Aqşin Kərimov