Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada baş vermiş atışma ilə bağlı birgə məlumat yayıblar.
Məlumatda deyilir ki, cari il noyabrın 24-də Zaqatala rayonunda ağır cinayət hadisəsi törədilib. Rayonun Yuxarı Tala kəndi ərazisində "VAZ-2107" markalı avtomobildən "Hyundai Elantra" markalı avtomobilin odlu silahla atəşə tutulması nəticəsində sərnişinlər - Balakən rayon sakini Kamil Hüşənov, Bakı şəhər sakinləri Vasif Cəfərov və Vüqar Rəcəbov qətlə yetirilib, sürücü - Balakən rayon sakini Vüsal Əliqayev isə xəsarət alıb.
Cinayətin xüsusilə ağır olduğunu və geniş ictimai rezonans doğurduğunu nəzərə alan DİN və Baş Prokurorluğun rəhbərliyinin göstərişi ilə peşəkar əməkdaşlardan ibarət əməliyyat-istintaq qrupu yaradılaraq dərhal rayona ezam olunub, hadisə yerinə baxış və digər zəruri prosessual, əməliyyat-axtarış tədbirləri görülüb.
"İsti izlər"lə bu ağır cinayətin əvvəllər məhkum olunmuş Samir Osmanov və digərləri tərəfindən törədilməsi müəyyən edilib.
Təxirəsalınmaz tədbirlərlə cinayətin iştirakçıları - Samir Osmanov, "VAZ-2107" markalı avtomobilin sürücüsü Bəhruz Layıcov, onun qardaşları Vüqar və Eldəniz, Vüsal Əliqayev, Pərviz Qarayev, Aydın Sayılov və Ömər Orucov saxlanılıblar.
Əməliyyat-istintaq yolu ilə iş üçün mühüm əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən cinayətin aləti olan 1 avtomat silah, 1 patron darağı, 9 avtomat patronu və 1 mətbəx bıçağı götürülüb.
Bu istiqamətdə aparılmış tədbirlərin davamı olaraq, Bəhruz və onun qardaşı, hazırda həbsdə olan Harun Layıcova məxsus evlərə baxış zamanı isə Almaniya istehsalı olan 1 ədəd avtomat silah, 5 əl qumbarası, 4 ədəd radiostansiya, 1 fişəngatan tapança, 18 ədəd fişəng, 823 ədəd müxtəlif çaplı patron, 1 səs qumbarası, uzaqdan idarə edilən partlayıcı qurğunun detektoru, maska, qandal, xeyli sayda digər hərbi sursat, həmçinin 8 kiloqrama yaxın narkotik vasitə aşkar edilib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 228.1-ci maddələri ilə cinayət işi başlanıb.
Baş vermiş ağır cinayət hadisəsi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Modern.az