Modern.az saytının Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, İstanbulda I Türk Dünyası Gənc İş Adamları toplantısı artıq başa çatıb. Mərasimdə çıxış edənlər qurumun gələcək fəaliyyəti ilə bağlı müzakirələr aparıb, çıxışlardan əldə olunan nəticələri müzakirə ediblər. Dünya Türk Gəncləri Birliyinin sədri, sabiq millət vəkili Əkrəm Abdullayev yekun nitqində iş adamları toplantısının 2 günlük fəaliyyəti zamanı qaldırılan məsələlərin aktuallığını xüsusi qeyd edib və irəli sürülən təkliflərin əməkdaşlığın gələcək perspektivləri baxımından son dərəcə faydalı olacağını diqqətə çatdırıb. Bildirib ki, toplantıya türkdilli ölkə və toplumlardan qatılan iş adamlarının qaldırdığı məsələlər qurumun sonrakı fəaliyyətində nəzərə alınacaq.
Ə. Abdullayev ümumən toplantının işini yüksək qiymətləndirib və türkdilli ölkələrin bu sahədə fəaliyyət göstərən gənc iş adamlarının bundan sonra daha məhsuldar və səmərəli əməkdaşlıq edəcəklərinə əminliyini ifadə edib. Sonra o, Türk Dünyası Gənc İş Adamlarını birləşdirəcək vahid təşkilatın yaradılmasının vacibliyini qeyd edib və bununla bağlı təkliflərə ehtiyac duyulduğunu vurğulayıb. Qurumun adı, rəhbərlik və üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər səsləndirilib. İlkin mərhələdə irəli sürülən namizədlərin sayı 37 nəfər olub.
Modern.az