“Cəmil Həsənli səfərdən yeni gəlib. O, Amerikada çox gərgin işləyib. Bunu başa düşmək lazımdır. Gələndən sonra siyasi partiya liderləri ilə görüşlər, məsləhətləşmələr keçirməlidir. Sessiya buna görə gecikir”. Bunu Modern.az-a açıqlamasında Milli Şuranın üzvü Eldəniz Quliyev deyib.
O, Milli Şuranın sessiyasının keçirilməməsinin səbəblərindən danışarkən bildirib ki, Cəmil Həsənli əvvəlcə Milli Şurada təmsil olunan qruplarla görüşüb, gələcək strateji addımları müəyyən etməlidir: “Gündəliyə çıxarılan məsələləri razılaşdırdıqdan sonra sessiya keçiriləcək. Həmçinin, sessiyanın keçirilməməsinin səbəblərindən biri də Eldar Namazovun Avropa səfəri ola bilər”.
E. Quliyev Milli Şuranın sessiyasının keçirilməməsinə səbəb fikir ayrılıqlarının olduğunu deyənlərə belə cavab verib: “Bu, başa düşülən deyil. Azərbaycanda demokratik düşərgəni birləşdirən qurum Milli Şura yaranıb. Bu qurumun yaradılması sosial sifariş idi. İndi buna qarşı cürbəcür şey uydurmaq, hər məsələni qurdalayıb, orada nələrsə tapmaq nəyə lazımdır. Hamı Siyavuş Novruzov olmaq istəyir. Bizim hər birimiz Milli Şuranı qorumalıyıq. Kini-küdurəti kənara qoyub iş görmək lazımdır. Milli Şuranı pisləyən adam ortaya məntiqli qərar qoymursa, onun özü ikiqat pisdir”.
İlkin PİRƏLİ