“Azərbaycanda siyasi məhbus mövcuddur. Amma 140 nəfər deyil. Bilirsiz, hazırda məhkəmələr gedir. Məhkəmələrdən sonra siyasi məhbusların sayı artacaq. Hazırda biz onların siyasi məhbus olduqlarını etiraf edirik, amma məhkəmə olandan sonra onları siyahıya salacağıq”.
Bunu Modern.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, tərtib olunan siyahıda Tofiq Yaqublu, İlqar Məmmədov və NİDA-çıları nəzərə almaqla, təxminən, 24-25 siyasi məhbus olacaq: “İslam Partiyasından, “Hicaba azadlıq” aksiyasında tutulanları siyasi məhbus hesab etmirik. Onlar da bizim siyahımızda gedir, amma ayrı ritorika ilə qeyd olunub. Bunların da azad olunması üçün çalışırıq. Çünki həmin insanlar öz haqlarını tələb ediblər. 11 jurnalist həbsdədir. Biz onların hansı işlə bağlı həbs olunduğunu araşdırmışıq. Düşünür ki, jurnalist həbsdə olmamalıdır, bütün jurnalistlər azad olunmalıdır. Bunu da ayrı siyahıda qeyd etmişik. Siyasi məhbuslar siyasi baxışlarına görə həbs olunanlardır. Bunlar fərqli şeylərdir. Elə adamları siyasi məhbus siyahısına salıblar ki, bilirik ki, o, fırıldaqçıdır”.
N.Cəfəroğlu qeyd edib ki, ölkədə siyasi vəziyyəti normallaşdırmaq üçün iqtidarla müxalifət bir araya gəlməlidir: “Azərbaycan hökuməti, müxalifəti bilməlidir ki, ölkə pis durumdadır. Bu, ciddi məsələdir. Bir tərəfdən İran digər tərəfdən Rusiya və Avropa İttifaqı məsələsi ölkəni çıxılmaz duruma salıb. Bu məsələləri müxalifətlə iqtidar müzakirə etməlidir. Azərbaycan hökuməti siyasi məhbusları azadlığa çıxaması ilə bağlı düşünməlidir. Bu gələn ilin yanvarına qədər reallaşsa, daha yaxşı olar. Baxın, Seçki Monitorinq Mərkəzinin qeydiyyatını ləğv ediblər. İndi də həmin təşkilatın rəhbəri Anar Məmmədliyə deyirlər ki, niyə vergi verməyib? Qeydiyyatı olmayan təşkilat necə vergi verə bilər?! Əvvəlcə bunu qeydiyyata almalı idiniz. Məmurlar başa düşməlidir ki, Azərbaycan, doğrudan da, pis durumdadır. Ona görə həm də iqtidarla müxalifət bir araya gəlməlidirlər”.
İlkin