“Əvvəlcə Türkiyə mətbuatında başqa məlumatlar gedirdi. Həmin informasiyalarda guya, Ermənistanın 5 rayonu geri qaytarması və bundan sonra Türkiyə-Ermənistan sərhədlərinin açılması öz əksini tapırdı. Bu təşəbbüsləri ciddi qəbul etmirəm”.
Bunu Modern.az-a Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Türkiyənin Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırladığı “Yol xəritəsi”nə münasibət bildirərkən deyib. O, qeyd edib ki, son zamanlar Dağlıq Qarabağ mövzusu ətrafında müxtəlif versiyalar üzə çıxır:
“Bu, Türkiyə mətbuatında xüsusi üstünlük təşkil edir. Hesab edirəm ki, bu məlumatlar ciddi deyil. Nə qədər ki, bu məlumatlar rəsmilər tərəfindən səsləndirilməyib və yaxud hansısa formada öz ifadəsini tapmayıb, o zaman bunu ciddi qəbul etməyə dəyməz”.
Politoloq qeyd edib ki, Türkiyə bu münaqişənin həllində maraqlıdır, amma yetərincə gücü yoxdur: “Qarabağ məsələsində çarpaz maraqlar var. Bu maraqların hamısının nəzərə alınması, onların reallaşdırılması üçün geosiyasi şərait yetişməyib. Bu mərhələ yetişəndə istənilən model işləyəcək”.
Qeyd edək ki, Türkiyə mətbuatında yayılan məlumatlara görə, Ankara Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün “Yol xəritəsi” hazırlayıb. Bildirilir ki, Ermənistan Dağlıq Qarabağdakı iki rayondan çəkilməyi şifahi olaraq qəbul edib, Türkiyə isə Ermənistandan rəsmi şərh etməsini istəyib.
İlkin PİRƏLİ