Rəsmi Moskva Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasını terror aktı kimi qiymətləndirir
Rusiyanın Suriyadakı səfirliyi minaatanlardan atəşə tutulub. RİA Novosti-nin xəbərinə görə, bu barədə diplomatik nümayəndəliyin əməkdaşı bildirib.
Səfirliyin nümayəndəsi deyib ki, diplomatik missiyanın yerləşdiyi rayon bu gün minaatanlardan intensiv atəşə məruz qalıb: “Minalardan biri səfirliyin ərazisində partlayıb. Xəsarət alan yoxdur. Partlayış baş verən yerə maddi ziyan dəyib. Daha bir mina isə səfirlik ərazisindən kənarda partlayıb”.
Rusiya Xarici İşlər Nazirliyi rəsmi məlumatında bu hücumu terror aktı kimi qiymətləndirib: “Silahlıların Dəməşqin mərkəzi hissəsini, o cümlədən Rusiya səfirliyinin ərazisini minaatanlardan atəşə tutmasını hiddətlə qarşılayır və kəskən şəkildə qınayırıq. Törədilən hadisələri terror aktları kimi qəbul edirik. Terror aktlarının icraçıları, onları bu işə təşviq edən və yönəldənlər layiqli cəzalarını almalıdırlar".
Bəzi məlumatlara görə, minaların partlaması nəticəsində bir neçə suriyalı ölüb və yaralanıb.
Modern.az