Rusiya kəşfiyyatçıları Böyük Britaniyanın hərbi bazaları üzərində pilotsuz təyyarələrlə uça bilər.
Modern.az xəbər verir ki, bunu "The Times" nəşri yazıb.
Britaniya əsgərlərinə xəbərdarlıq edilib ki, rus casusları Ukrayna əsgərləri haqqında məlumat əldə etmək üçün hərbi bazaların üzərindən pilotsuz təyyarələrlə uça bilər.
Britaniya hərbçilərinə yayılan hesabata görə, Rusiya təhlükəsizlik xidmətləri 34 min ukraynalı əsgərin təlimi üçün kod adı olan “İnterfleks” əməliyyatına “əhəmiyyətli” maraq göstərir.
“Rusiya agentləri hərbi bazalar üzərində pilotsuz təyyarələr uçurmaqla yanaşı, məlumat əldə etmək üçün həm onlayn, həm də şəxsən ordu təlimatçıları ilə əlaqə saxlayıblar”, - nəşr yazır.
Qeyd olunur ki, Britaniya ordusu Ukrayna hərbçilərinə təlim keçmək üçün Böyük Britaniyanın bütün ərazisindəki hissələrdən istifadə edir. Əksər ukraynalılar 35 günlük əsas kurs keçirlər. Lakin daha təcrübəli Ukrayna əsgərləri Kral Dəniz Piyadaları ilə amfibiya müharibəsi və Kral Mühəndisləri ilə minalardan təmizləmə kimi ixtisaslaşdırılmış kursları bitiriblər.