Modern.az

Dünyanın 8-ci möcüzəsi və təbiətlə tarixin vəhdəti - REPORTAJ

Dünyanın 8-ci möcüzəsi və təbiətlə tarixin vəhdəti - REPORTAJ

Reportaj

29 Noyabr 2013, 11:56

Yaxud “sirli incilər diyarı”na unudulmaz səfərin xoş təəssüratları


Kapadokya ismini duyduğum zaman təxəyyülümdə “sirli incilər diyarı”nın xəyali bir rəsmi canlanardı. Orada olmasam da, dəfələrlə ismini, özəlliklərini duyduğum sirli incilər diyarını görməsəm də, dünyanın səkkizinci möcüzəsindən söz açılması belə olduqca xoş təəssürat yaradardı. Və Kapadokyanı ziyarət etmək, duyduqlarımı, oxuduqlarımı öz gözlərimlə görmək, canlı təəssüratlarımı qələmə almaq, paylaşmaq sözlə ifadə olunmayacaq qədər xoş bir arzu idi...

“Türküstan” qəzetinin təşkil etdiyi, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinin və “Lider qadınlar” İctimai Birliyinin dəstəklədiyi “Qafqaz İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” adlı mövzuda müsabiqə keçirildiyini duyduqda qaliblərin Kapadokya ziyarəti ilə mükafatlandırılacağını təsəvvür etməmişdim. Və “sirli incilər diyarı”na doğru yol məhz buradan başladı: 4 günlük möhtəşəm səfər, unudulmaz təəssüratlar və təbiətin möcüzəvi gözəllikləri ilə baş-başa...

Doğma məmləkətdən qardaş ölkəyə doğru...

Heydər Əliyev adına Beynəlxalq Hava Limanına ayaq basdığım an içimdə qardaş ölkəyə, özəlliklə də Kapadokyaya yola düşməyin qəribə bir sevinci var idi. Digər tərəfdən isə, doğma diyarımdan 5 günlük ayrı düşməyin gətirdiyi fərqli-hüznlü bir duyğu... Və beləcə, qarışıq duyğular içində İstanbula yola düşürük. Türk Hava Yollarına məxsus təyyarə ilə bir neçə saatlıq məsafə qət etdikdən sonra yollar bizi Kapadokyaya bir az daha yaxınlaşdırır - artıq Kayseridəyik. Yol boyunca həmkar yoldaşlarımızla müxtəlif səfər təəssüratlarını, qardaş ölkə ilə bağlı anıları, özəlliklə də Kapadokya həyəcanını bölüşməyin duyğusal mənası isə bir başqadır... Doğma məmləkətdən qardaş ölkəyə doğru. Bu, qəlblərdəki sevinc və qüruru ifadə edir...

Kapadokyaya xoş gəldiniz!”

Kayseridə təyyarədən endikdən sonra bizi 4 gün boyunca bizə bələdçilik edəcək turist rəhbərimiz, mehriban və bir o qədər də çalışqan Zeynəb Seçer xanım qarşılayır. Zeynəb xanım “Hoş geldiniz, ben Zeynep Seçer” dedikdən sonra uzun bir macəranın, unudulmaz təəssüratların bizi gözlədiyini bildirir. Və budur, həyəcanımız, sevincimiz ikiyə qatlanır!

Nevşehirdə məskunlaşacağımız hotelə doğru yola düşürük. Yol boyunca Zeynəb xanım bizə səyahət edəcəyimiz yerlərin özəlliklərindən bəhs edir, onu da vurğulayır ki, bizim qrupumuz onun rəhbərlik etdiyi ilk azərbaycanlı kollektivdir. Bu hissin də ayrı bir qüruru, özəlliyi var. Çünki qardaş ölkədə doğma hiss etdiyimiz insanlarla təmasda olmağın duyğusallığı baxışlardan, seçilən ifadələrdən asanlıqla anlaşılır.

Nevşehirdə keçirdiyimiz ilk gecə sabahın açılmasını gözləmək həyəcanıyla müşayiət olunur. Çünki bu gecənin sabahı bizi illər boyu düşüncələrimizdə canlanan sirli incilər diyarına - Kapadokyaya aparacaq... Zeynəb xanım bəri başdan bizə “Kapadokyaya xoş gəldiniz” deyir!

Və sabah erkəndən yola düşürük. Zeynəb xanım yol alacağımız yerlərin özəlliklərini anlatdıqca təsəvvürdə dünyanın səkkizinci möcüzəsinin xəyalı canlanır...


“Gözəl atlar ölkəsi” - təbiətlə tarixin vəhdəti

“Gözəl atlar ölkəsi” anlamı daşıyan Kapadokyanın Paleolit dönəminə qədər uzandığı yazılı tarixi hetlərlə başlayır. Tarix boyunca ticarət koloniyalarının mühüm məskəni olan, ölkələr arasında ticari və sosial körpü rolunu oynayan Kapadokya Böyük İpək Yolunun da önəmli qovşaqlarından biridir. Ziyarət etdiyimiz bölgələrdə turistlərin sıxlığını gördükdə bu bölgənin nə qədər böyük diqqətə malik olduğu anlaşılır. Turistlərin bu bölgəyə axını ilə bağlı sualımıza cavabında Zeynəb xanım deyir ki, yaponların Kapadokyaya səfəri müsəlmanların Məkkə ziyarətinə bərabər dəyərləndirilir.

Kapadokyada ziyarət etdiyimiz məkanlar, sanki, tarixin təbiətlə vəhdətini özündə əks etdirir. Məsələn, Göreme Açıq Hava Muzeyi qaya içində oyuqlar vasitəsilə yaradılmış monastrları, kilsələri, insanların o zamankı əl-məişət işlərini özündə əks etdirir. Əslində, bura xristianlıq tarixində önəmli bir şəxs olan Əziz Basil tərəfindən IV əsrdə bir dini təlim-tədris mərkəzi kimi yaradılmışdır. Bölgədə monastr həyatının 1000 ilə qədər davam etdiyi təxmin olunur. Girişdə Əziz Basil Şapeli yer alır. Şapel kiçik kilsə deməkdir. Şapel yalnızca bir şəxs üçün inşa edilir və burada kilsədən fərqli olaraq məzarlıq da yer alır. Əziz Basil Şapeli xristianlıq tarixinin bilinən və bilinməyən özəlliklərini özündə əks etdirən tarixi bir məkan kimi gözə çarpır. Digər bir kilsə isə Əzizə Barbara kilsəsidir. Bu kilsə misirli olan, xristian dinini qəbul etdiyi və yaydığı üçün atası tərəfindən qətlə yetirilən Əzizə Barbaranın adını daşıyır. Kilsədə freska ilə İsa peyğəmbərə aid olan xaç təsviri yaradılıb.

Bütövlükdə, burada 350 kilsə var. Onların əksəriyyətində eyni cizgilər, freskalar olsa da, X-XI əsrə aid olanlar daha çox erkən xristianlığa aid özəllikləri daşıyırlar.

Devrent vadisi - “xəyallar diyarı”, yaxud əsrarəngiz “peribacaları”nın yaratdığı “canlı”lar

Kapadokyadakı gəzintimiz zamanı diqqətimi çəkən başqa bir məqam “xəyallar diyarı” kimi səciyyələndirilən Devrent vadisi oldu. Vulkan püskürməsindən sonra yumşaq qayaların aşınması müxtəlif vadilərin əmələ gəlməsinə səbəb olub. Güclü küləklərin əsməsi isə “peribacaları”nın bugünkü şəklini yaradıb. “Peribacaları”nın özəlliyi odur ki, onlar bir-birindən fərqlənərək fərqli mənalar daşıyan şəkillər formalaşdırıb. Bu formaların hər biri ayrı bir canlıya bənzədilir, ona görə də bu bölgəyə xəyallar diyarı deyilir. Əraziyə gəldiyimiz zaman dəvəyə bənzəyən bir neçə kiçik və böyük forma gördüyümdən belə bir düşüncəyə qapıldım ki, görəsən, Devrent ifadəsinin ilk forması “deve land”mi (land-yer, torpaq) olub. Çünki bu əraziyə baxış keçirərkən dəvəyə bənzər qayalıqların üstünlük təşkil etdiyi görünür. Və əksər turistlər Devrent vadisindən bəhs edərkən “dəvələrin məskəni” ifadəsindən istifadə edirlər.


Kapadokyanın zirvəsində...

Ziyarət etdiyimiz maraqlı tarixi yerlərdən biri isə Uchisar qalası idi. Bu qala Kapadokyanın zirvəsidir və insanlar burada 1000 ildən çox müddətdə, hətta 1950-ci ilə qədər qala içində oyulmuş otaqlarda yaşayıblar. Bu zirvədən Hasan və Erciyes (bəzi mənbələrdə Argios) dağları aydın müşahidə olunur. Qalanın tam zirvəsində Bizans dönəmindən qalan məzarlıqlar var. Bu bölgədə arxeoloji qazıntılar vasitəsilə araşdırma aparıldığı da nəzərə çarpır, ona görə də, məzarlıqlar boşaldılıb və içərisindəki əşyalar muzeylərə daşınıb. Önəmli məqam odur ki, muzeylərdə sərgilənən bu əşyalar Bizans dönəmini tam xarakterizə etmir. Erkən xristianlıq dönəminə məxsus özəllikləri daşıyan bu yerlərdə müəyyən restavrasiya işlərinin aparılması da bəhs etdiyimiz məsələnin müəyyənləşdirilməsini çətinləşdirir.

Kaymaklı yeraltı şəhərinin ifadə etdiyi gerçəkliklər

Olduqca maraqlı və əsrarəngiz yerlərdən biri də Kaymaklı yeraltı şəhəridir. Bu şəhərin inşa edilməsinin başlıca məqsədi müdafiə olunmaqdır. Eramızdan əvvəl bu şəhərin inşasına hetlər tərəfindən başlandığı bilinir. Bizans imperiyası dönəmində Müsəlman-Ərəb dövlətinin öz sərhədlərini Kapadokyaya qədər genişləndirməsi burada yaşayan insanların müdafiəsini zəruri hala çevirmişdir. Müasir araşdırmaçılar bu yeraltı şəhəri meqaşəhər kimi də təsvir edirlər. O zaman müdafiənin mükəmməl şəkildə qurulması 8 mərtəbəli Kaymaklı yeraltı şəhərinin nə qədər strateji incəliklə inşa edildiyini göstərir. Keçid üçün istifadə edilən tunellər olduqca dardır, hətta düşmən əsgərlərin hücumlarının qarşısını almaq üçün ibtidai üsullarla müxtəlif xəndəklər də qazılmışdır. Müdafiə o qədər güclü qurulub ki, hətta bəzi yerlərdə Derinkuyu yeraltı şəhərinə qədər uzanan 10 kilometrlik tunellər var. Ərzaq anbarları isə öz böyüklüyü ilə seçilir. Bu anbarlarda un, buğda və şərab saxlanıldığı təxmin edilir.

Burada, həmçinin, müxtəlif məqsədlərlə istifadə edilmək üçün fərqli bölümlər yaradılıb ki, bunların hamısı müasir dövrdə istifadə edilən inşaat üsullarını özündə cəmləşdirir. Daha bir maraqlı məqam budur ki, 2-ci mərtəbədə kilsələr və məzarlıqlar mövcuddur. Paradoksal görünən odur ki, bu kilsələr və məzarlıqlar Bizans dönəminə aid olsa da, fərqli, xüsusilə də, İslam mədəniyyətli ilə assosiasiya olunan özəllikləri özündə ehtiva edir.

Göz oxşayan canlı təbiət və Melendiz çayının ecazkar mənzərəsi

Səfərimizin son günü 15 kilometr uzunluğunda olan İhlara vadisini ziyarət etdik. Bura Kapadokyanın ən məşhur gəzinti məkanıdır. Əsrarəngiz təbiət, vadi içinə oyulmuş kilsələr, Melendiz çayının gətirdiyi fərqli atmosfer və estetika İhlara vadisini turistlərin sevimli məkanına çevirib. Qış mövsümündə belə bu çay təbiəti çox canlı saxlayır. Melendiz çayında su şırıltısının ecazkar səsi insanda bir hüzur yaradır, təbiətin ahəngi, sözsüz, könül oxşayır.


Kapadokya macərasının son gecəsi... Gözlərdə hüzn və sevincin dueti...

Kapadokya gəzintisinin son gecəsi... Gözlərdə bir hüzn - amma Vətənə geri dönməyin sevinci... O dəqiqələr 4 günlük unudulmaz anların, xoş təəssüratların beynimizdə dövr etdiyi bitməyən gecə... Səmaya hökm edən gecənin sabaha aparan anları, dəqiqələri... İnsan psixologiyası elədir ki, düşdüyü şəraitə bu və ya digər səviyyədə adaptasiya olunur. Və zənn edir ki, sanki, bundan öncə həyatı olmamışdır, olsa belə, şüuraltı yaddaş bir növ neytrallaşmışdır. Kapadokya macərasının son gecəsi də bunu ifadə edir... Keçmişlə gələcəyin bu gün üzərindən uzlaşması, qovuşması... Anadolulu qardaşlarımız demiş, toz-pembe bir röya...

Və sabah erkəndən yola düşürük. Yolumuz Kayseri Hava Limanınadır. Yollar uzandıqca hüznlə sevincin duetinin şahidi oluruq... Artıq Kayseri Hava Limanındayıq. Avropa ilə Asiyanı qovuşduran İstanbul bizi gözləyir..!

Saatlar sonra məsafələr ayırır bizi, yaxud xudahafiz, mənim platonik məhəbbətim..!

Təyyarə qanadlarını açaraq bizi bu nəhəng şəhərə - mədəniyyətləri uzlaşdıran İstanbula təhvil verməyə hazırlaşır. Daha 4 gün əvvəl ayrılmışdıq Asiya ilə Avropanı qovuşduran məkandan. Ayrılıq yeni olsa da, qovuşmağın sevinci dəfn edir qəmi, kədəri buludlara, səmaya... Bu nəhəng dəryada bir gün bir göz qırpımı qədər qısadır. Bunun idrakında ötür zaman...

İstanbul fərqli mədəniyyətlərin qovuşduğu məkandır. Amma doğma hisslər, qəlblərdəki duyğuları əks etdirən o gözlər, o baxışlar bu fərqliliyi eyniləşdirir. Biz qardaş ölkədə doğmayıq - məhz doğma məmləkətdə olduğu kimi... Saatlar sonra məsafələr ayıra bilər bizi amma qəlblərdəki duyğular məsafələrlə ölçülməz... Ayrılmırıq, İstanbul, səndən ayrılarkən bir daha qəlbimizdə, anılarda qovuşuruq... Xudahafiz, mənim platonik məhəbbətim,  xudahafiz, nəhəng, əyilməz, qürurlu İstanbul!!!

“Ayrılarmı könül candan, Azərbaycan..!”

Və qardaş ölkədən doğma məmləkətə doğru... İstanbuldan Bakıya səmadakı buludlar müşayiət edir bizi... Vətənə dönərkən qəlbdə bir çırpıntı - həsrət və özləmin duyğu dolu üsyanı... Vətən insan qəlbinin döyünmə səbəbi, hər şeyin məna tapdığı, hər gözəlliyin göz oxşadığı doğma diyar... Azərbaycandayıq, Azərbaycanımızdayıq artıq... “Ayrılarmı könül candan, Azərbaycan..?!” deyir dilimiz, Vətənin qoxusu, Vətənin həsrəti - qəlbimizdə bir fırtına yaratmış, sanki... Sənə qovuşmaq nə gözəldir, Vətən..!

P.S. Möhtəşəm təəssüratlarla dolu olan bu xoş və unudulmaz səfərə görə “Türküstan” qəzetinə, Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşavirliyinə və “Lider qadınlar” İctimai Birliyinə xüsusi təşəkkür edir, sonsuz minnətdarlığımı çatdırıram.


Nurlan QƏLƏNDƏRLİ

Bakı-İstanbul-Kayseri-İstanbul-Bakı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi