
“Diplomatik pasportu olan Azərbaycan vətəndaşları gələn ildən Avropaya vizasiz gedəcəklər”. Modern.az-ın məlumatına görə, bunu Vilnüs sammitində iştirak edən iqtisadçı Qubad İbadoğlu bildirib. Onun sözlərinə görə, Avropa Birliyi ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi sazişi yalnız Avropa Birliyinə üzv olan ölkələr üçün 2014-cü il yanvarın 1-dən qüvvəyə minəcək. Bu saziş Böyük Britaniya, İrlandiya və Danimarkaya şamil olunmayacaq.
Sazişin açıqlanan əsas şərtlərinə görə, xüsusilə də Avropa Birliyinə çox və qısa müddətli (90 günədək) səfər edənlər, bundan sonra vizanı daha ucuz və asan əldə edəcəklər. Qaydalara görə gələn ildən diplomatik pasportu olan Azərbaycan vətəndaşları Avropa Birliyinə üzv olan ölkələrə vizasız gedəcəklər. Bundan sonra adi pasportu olan rəsmi nümayəndə heyəti üzvlərindən, tələbələrdən, tədqiqatçılardan, pensiyaçılardan və 12 yaşadək uşaqlardan viza rüsümu alınmayacaq. Onlar eyni zamanda asanlıqla daha uzun müddətə (1 ildən 5 ilədək müddətə) çox gediş gəlişli viza ala biləcəklər.
Q. İbadoğlu xatırladıb ki, Azərbaycan hökuməti ilə viza rejimin sadələşdirilməsinə dair danışıqlara 2012-ci ildən start verilib: “Avropa Birliyi bu vaxtadək belə sazişi Albaniya, Bosniya və Hersoqovina, Makedoniya, Moldova, Çernoqoriya, Rusiya, Serbiya, Ukrayna, Gürcüstan və Ermənistanla imzalayıb. Göründüyü kimi, bu müqavilə Şərq Tərəfdaşlığına üzv ölkələrdən (Belarus istisna olmaqla) ən gec Azərbaycanla imzalanıb. Amma gec olması heç olmamasından daha yaxşıdır”.
Modern.az